Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun ərazisində mövcud Horadiz–Zəngilan avtomobil yolunun əsaslı təmiri işlərinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında ölkə başçısının sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işlərinə start verilib.
Təmir-tikinti işləri M-6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (km 173+600 – km 235+000) 61.4 km-lik Horadiz-Zəngilan hissəsində həyata keçirilir.
III texniki dərəcəyə uyğun olaraq əsaslı şəkildə yenidən qurulan yolun torpaq yatağının eni 12 metr təşkil edir. Layihə üzrə əsaslı təmir işləri 173.6-189, 189-205, 205-220 və 220-235-ci km-lər daxil olmaqla 4 hissədə aparılır.
Hazırda yolboyu mövcud asfalt-beton örtüyün kənarlaşdırılması, qazma, tökmə işləri, yol yatağının və yol əsasının tikintisi, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlifölçülü suötürücü boruların inşası, körpülərin təmiri, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri görülür.