Cəbrayıl necə yenidən qurulacaq?

 

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və “İşğaldan azad edilmiş ərazilərin Ümumi planı”na əsasən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında yerləşən yaşayış məntəqələri layihələndirilir, şəhərlərin Baş planları hazırlanır və təsdiq edilir.

Xəbər verdiyimiz kimi, iyulun 25-də Baş nazir Əli Əsədov Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planını təsdiqləyib. Nazirlər Kabinetinin müvafiq qərarı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifi nəzərə alınaraq imzalanıb.

Komitədən bildirilib ki, Cəbrayıl şəhərinin Baş planı Böyük Britaniyanın “Chapman Taylor” şirkəti ilə Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb. Cəbrayıl şəhərinin 1984-cü ildə işlənilmiş Baş planı 258 hektar ərazini əhatə edib. Həmin vaxt şəhər əhalisinin sayı 5200 nəfər olub.

Təsdiq edilmiş yeni Baş planda Cəbrayıl şəhərinin ərazisi yaxınlıqdakı 5 kəndi də əhatə etməklə 625 hektar təşkil edəcək. Layihədə şimaldan cənuba doğru uzanan Çaylaqçay ətrafında şəhərin mərkəz hissəsində “yaşıl zolaq” nəzərdə tutulur. Rayon ərazisində bir çox tarixi-memarlıq abidələrinin, o cümlədən Xudafərin körpüsünün yerləşməsi şəhərin gələcək memarlıq görünüşünün yaradılmasında xüsusi rol oynayacaq.

Şəhərin bərpası və inkişafı üçün 4 mərhələ nəzərdə tutulur. 2026-cı ilin sonunadək təqribən 3800 nəfərin şəhərdə yerləşəcəyi qeyd olunur, 2040-cı ilin sonuna qədər Cəbrayıl şəhərində 15 min sakinin yaşayacağı proqnozlaşdırılır. Baş planda yaşayış üçün 143 hektar ərazi ayrılıb, burada az və orta mərtəbəli binaların, həyətyanı sahəyə malik fərdi yaşayış evlərinin inşası nəzərdə tutulub. Əhalinin 82 faizinin çoxmənzilli binalarda, 18 faizinin isə fərdi evlərdə yaşayacağı planlaşdırılıb.

Şəhərin məşğulluq imkanları rayon ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistral yollar və zəngin təbii ehtiyatlar nəzərə alınmaqla proqnozlaşdırılıb. Baş planda ictimai-işgüzar zona üçün 22.87 ha ərazi ayrılıb. Burada inzibati və ofis binaları, mərkəzi meydan, mədəniyyət, ictimai-iaşə və turizm obyektləri yerləşdiriləcək.

Nəqliyyatın planlaşdırılması zamanı insanyönümlü şəhər və təhlükəsiz hərəkət prinsipləri əsas götürülüb. Şəhərdaxili yol profillərində təxminən 60 kilometr uzunluğunda piyada və velosiped yollarının salınması planlaşdırılıb. Cəbrayıl şəhərində küçə-yol şəbəkəsinin ümumi uzunluğu 45 kilometrdən çox olacaq.

Baş planda əhalinin artım tempi nəzərə alınmaqla sosial tələbata uyğun ən müasir təhsil və səhiyyə ocaqları layihələndirilib. Şəhər ərazisində 1880 şagirdin təhsil alacağı müasir şəhərsalma standartlarına uyğun 3 orta təhsil müəssisəsi, 960 uşaq üçün nəzərdə tutulan 4 məktəbəqədər təhsil müəssisəsi, mərkəzi rayon xəstəxanası, poliklinika, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman komplekslərinin inşası planlaşdırılıb.

Cəbrayıl şəhərinin coğrafi mövqeyi və relyefi də onun yaşıllıqlara qərq olmuş məkan kimi planlaşdırılmasına imkan verib. Baş plana əsasən, ümumi yaşıllıqların sahəsi 110 ha təşkil edəcək, bununla da şəhər ərazisinin 18 faizi yaşıl zonalardan ibarət olacaq. Əhalinin əsas istirahət zonası olaraq Çaylaqçay ətrafında salınması təklif edilən “yaşıl zolaq” mərkəzi park kimi müxtəlif mədəni tədbirlərin keçirilməsi üçün əhalinin açıq məkanlara çıxışını təmin edəcək.