Türkiyənin İstanbul şəhərində İslam Dünyası, Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən 31 iyul – 5 avqust tarixlərində Peyk Modeli Təlimi və Aerokosmos Simpoziumu (Model Satellite (CanSat) Training Workshop & Aerospace Symposium) keçirilir.

Bakı Dövlət Universitetinin (BDU) də həmtəşkilatçı olduğu tədbirin əsas məqsədi İslam dünyasının ali təhsil müəssisələrinin tələbələri və əməkdaşları arasında kosmik tədqiqatlar sahəsinə marağın artırılması, bu sahədə fundamental və təcrübi bilik və bacarıqların formalaşdırılması, yerli kadrların yetişdirilməsini təmin etməkdir.

Simpoziumun İstanbul Texniki Universitetində keçirilən açılış tədbirində ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, universitetin prorektoru, Aeronavtika və kosmonavtika fakültəsinin dekanı Zahit Mecitoğlu və başqaları çıxış ediblər.

Tədbirə onlayn qoşulan BDU-nun rektoru Elçin Babayev universitetdə astrofizika və kosmos elmlərinin tədrisindən danışıb. Bildirib ki, BDU-nun ICESCO və İstanbul Texniki Universiteti ilə də əməkdaşlığı uğurla inkişaf edir.

Simpozium çərçivəsində sərgidə BDU komandası tərəfindən hazırlanan “CanSat1919” və “CubeSat” model peykləri də nümayiş olunur.

***

Hazırkı şəraitdə dialoq və anlaşma, mədəni mübadilə üçün yeni üfüqlər açmaq, mərhəmət dəyərlərini təbliğ etmək, nifrət və təhriklərə qarşı çıxmaq müxtəlif dinlərə və sivilizasiyalara mənsub olan xalqların qarşısında duran əsas vəzifələrdir.

Bu fikir isə iyulun 27-də Mərakeşin Rabat şəhərində ICESCO mənzil-qərargahında sülh mədəniyyətinin dəstəklənməsinə, Qərb və İslam ölkələrinin münasibətlərinə həsr olunmuş beynəlxalq konfransda vurğulanıb. Təşkilatdan verilən məlumatda bildirilir ki, tədbir Almaniyanın “Mouatana” Dialoq və Anlaşma İnstitutu ilə birgə keçirilib.

ICESCO-nun baş direktoru Salim əl-Malik ekspertləri Qərbin ən inkişaf etmiş dövlətlərindən olan Almaniya ilə İslam aləmi arasındakı unikal əlaqələrin üzərində düşünməyə, onu tədqiq etməyə və öyrənməyə dəvət edib. Vurğulayıb ki, bu münasibətlər tolerantlıq və dini-mədəni dəyərlərə qarşılıqlı hörmət baxımından təqdirəlayiqdir. Baş direktor İslam mədəniyyətinin əsrlər boyu tədqiqatçılar üçün zəngin bir araşdırma sahəsi olduğunu diqqətə çatdıraraq alman mütəfəkkirlərinin ərəb-İslam mədəniyyəti xəzinələrinin dünyaya tanıdılmasında xüsusi rolunu qeyd edib.

Konfransda alman, ingilis alimləri, eləcə də İslam ölkələrindən alimlər çıxış ediblər.