Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Cəmil Fərəcov 1 avqust 2023-cü il tarixində, 77 yaşında dünyasını dəyişib.
Cəmil Əliqulu oğlu Fərəcov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1974-cü ildə Leninqrad (Sankt-Peterburq) Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsini bitirib.
1970-ci ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb. “Arvadım mənim, uşaqlarım mənim” qısametrajlı bədii filminə (1978, eyniadlı kinoalmanaxın filmi) quruluş verib. Onun yaradıcılıq tərcümeyi-halında onlarla sənədli film (“Azərbaycan məktəbi yüksəlişdə”, “Mikayıl Abdullayev”, “Musaküçə kəndinin sakinləri”, “Qızıl balıqlar”, “Yeraltı əhvalat”, “Azərbaycan və Nobel qardaşları”, “Azərbaycan kinosu – 80”, “Mən Bakını sevirəm”, “Tarixin daş salnaməsi” və s.) yer alıb. Rejissor həmçinin “Əbədiyyətə uçuş”, “Malakanlar”, “Xəzinə”, “Ağır şkaf” qısametrajlı filmlər, eləcə də “Mozalan” satirik kinojurnalı üçün 30-dan çox bədii və sənədli süjet lentə alıb.
Cəmil Fərəcov 1997-2002-ci illərdə “Yaddaş” sənədli filmlər studiyasının bədii rəhbəri və direktoru, 2002-2006-cı illərdə Mədəniyyət Nazirliyinin Kino İşləri Baş İdarəsinin müdiri, 2006-2012-ci illərdə isə nazirliyin Kinematoqrafiya şöbəsində sektor müdiri, eləcə də Azərbaycan Kinematoqrafçılar İttifaqında katib vəzifələrində çalışıb.
Mərhum rejissor avqustun 2-də Bakıdakı “Qurd qapısı” qəbiristanlığında dəfn olunub. Məzarın önünə Mədəniyyət Nazirliyi, “Azərbaycanfilm” kinostudiyası, Azərbaycan Kinematoqrafçılar İttifaqı və digər qurumlar adından əklillər qoyulub.
Allah rəhmət eləsin.