Meşəli qırğınını törədənlərdən biri Laçın yolunda tutulub
1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində azərbaycanlı əhaliyə qarşı törədilən qırğının təşkilində iştirak etmiş Vaqif Xaçaturyanın cinayət məsuliyyətinə cəlb edilməsi beynəlxalq və milli hüquq normalarına uyğundur.
Bunu Azərbaycan Respublikası baş prokurorunun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov deyib.
O bildirib ki, Meşəli hadisələri ilə əlaqədar cinayət işi 1992-ci il yanvarın 11-də başlanıb. Baş Prokurorluğun əməkdaşları tərəfindən Meşəli kəndində hadisə yerinə baxış keçirilib, hadisə yerinin fotoları təqdim olunub. Uzun müddət aparılmış istintaq nəticəsində Xaçaturyan Vaqif Çerkezoviçin şəxsiyyəti müəyyən edilib və o, 2013-cü ildən beynəlxalq axtarışa verilib.
Qeyd edək ki, iyulun 29-da Azərbaycan Respublikası Baş Prokurorluğu Meşəli qırğınını törədənlərdən birinin saxlanılması barədə məlumat yayıb. Məlumatda bildirilir ki, qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinlərinə və dövlətə məxsus çoxsaylı əmlakı məhvetmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin istintaqı davam etdirilir.
İstintaqla müəyyən olunub ki, 1991-ci il 22 dekabr tarixində 1955-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Əsgəran rayonunun (1991-ci ildən Xocalı rayonu – red.) Badara kəndində doğulmuş, Xankəndi şəhər avtomobil nəqliyyatı müəssisəsində sürücü işləmiş Xaçaturyan Vaqif Çerkezoviç erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndində yaşayan azərbaycanlıları bir milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə həmin kəndə silahlı basqın edib. Basqın nəticəsində 25 nəfər azərbaycanlı milliyyətindən olan şəxs öldürülüb, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, 358 nəfər azərbaycanlı isə yaşadıqları yerlərdən didərgin salınıb.
Aparılan cinayət işi üzrə kifayət qədər əsaslı şübhələr yarandığından Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib, lakin olduğu yer istintaqa məlum olmadığına görə barəsində 2013-cü il noyabrın 12-də beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
2023-cü il iyulun 29-da Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Ermənistana müalicə üçün getmək istədiyi deyilən V.Xaçaturyan Bakı şəhərində tibb müəssisəsinə yerləşdirilib, zəruri tibbi yardımın göstərilməsi, həmçinin BQXK-nın nümayəndələrinin ona baş çəkməsinə şəraitin yaradılması təmin edilib.
V.Xaçaturyan cinayət məsuliyyətinə cəlb edilməsinin beynəlxalq və milli hüquq normalarına uyğun olduğunu qeyd edən Baş Prokurorluğun idarə rəisi Mahir Abbasov diqqətə çatdırıb ki, qüvvədə olan cinayət qanunvericiliyinə, əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti sülh və insanlıq əleyhinə, müharibə cinayətlərinə şamil edilmir.