Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi yaradılır

 

Prezident İlham Əliyev avqustun 1-də “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” fərman imzalayıb. Fərman dövlət orqanlarında (qurumlarında) kargüzarlığın aparılması sahəsində qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə olunmaqla “kağızsız hökumət”ə keçid prosesinin sürətləndirilməsi və rəqəmsal idarəçiliyin tətbiq edilməsi məqsədilə imzalanıb.

Fərmanla Elektron Hökumət İnformasiya Sisteminin infrastrukturunda dövlət orqanlarının (qurumlarının) elektron sənəd dövriyyəsi sistemləri arasında real vaxt rejimində və təhlükəsiz qaydada sənəd mübadiləsinin aparılması ilə bağlı inteqrasiyanın və sənədlərin hərəkəti üzrə uçotun həyata keçirilməsini təmin edən Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi yaradılır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi altsistemin 2023-cü il sentyabrın 1-dək formalaşdırılmasını təmin etməlidir.

Nazirlər Kabinetinə idarələrarası elektron sənəd dövriyyəsi sistemi ilə bağlı təkliflərini dörd ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Fərmana əsasən, mərkəzi icra hakimiyyəti orqanları 2023-cü il noyabrın 1-dək, yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər 2024-cü il avqustun 1-dək mövcud elektron sənəd dövriyyəsi sistemlərini altsistemə inteqrasiya etməklə digər dövlət orqanları (qurumları) ilə sənəd mübadiləsinin həmin altsistem üzərindən aparılmasını təmin etməlidirlər. Elektron sənəd dövriyyəsi sistemləri mövcud olmayan dövlət orqanları (qurumları) isə altı ay müddətində bu sistemin yaradılması ilə bağlı tədbirlər görməlidirlər.