Baş nazir Əli Əsədov iyulun 29-da “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 12 sentyabr tarixli 386 nömrəli Qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Dəyişikliyə əsasən, kollegiyanın üzvlərinin sayı 9-dan 10-a çatdırılıb. “Kollegiyanın üzvləri:” bölməsindən “Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini” sözləri çıxarılıb.

Nazirlər Kabinetinin 2018-ci il 12 sentyabr tarixli Qərarının yeni redaksiyasına əsasən, Mədəniyyət Nazirliyinin kollegiyası bu tərkibdədir: Azərbaycan Respublikasının mədəniyyət naziri (kollegiyanın sədri), Azərbaycan Respublikası mədəniyyət nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri, Mədəniyyət Nazirliyi Aparatının rəhbəri, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi, Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru.