Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki mədəniyyət ocaqlarında 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbirlər keçirilib. Mərdəkan Mədəniyyət Sarayında keçirilən tədbir Dövlət Himni səsləndirilməsi ilə başlanıb.

Çıxışlarda bildirilib ki, bu əlamətdar gün Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanı ilə təsis edilib.

Tədbirin bədii hissəsində rəqslər nümayiş olunub, mövzu ilə bağlı şeirlər söylənilib və mahnı səsləndirilib. Təqdim edilən kompozisiya maraqla qarşılanıb.

***

Yasamal rayon Heydər Əliyev Mərkəzi və rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra qonaqlar mərkəzin muzey bölməsində Ümummilli lider Heydər Əliyevin büstünü ziyarət ediblər. Mərkəzin foyesində Ulu öndərin 100 illiyinə həsr edilən “Ümummilli lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı sərgi də ziyarət olunub.

Çıxış edənlər Ulu öndər Heydər Əliyevin Azərbaycan dilinə sevgisi və qayğısından danışıb, dilimizin bayramının təsis edilməsinin Ümummilli liderin adı ilə bağlı olduğunu diqqətə çatdırıblar.

Tədbirdə həmçinin “Azərbaycan əlifbası və Azərbaycan dilinin inkişafında Heydər Əliyevin rolu” adlı mühazirə dinlənilib, şeirlər səsləndirilib, videoçarx nümayiş olunub.

***

Baş idarənin R.Axundov adına Mədəniyyət evində (Xəzər rayonunun Buzovna qəsəbəsi) də dilimizin bayramı münasibətilə tədbir təşkil olunub. Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan dilinə həsr olunan videoçarx nümayiş etdirilib.

Bildirilib ki, hər il avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi ölkəmizdə geniş qeyd olunur. Bu əlamətdar gün Prezident Heydər Əliyevin müvafiq fərmanı ilə təsis edilib. Artıq 22 ildir ölkəmizdə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırılıb. Yeni əlifbadan istifadə müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisədir.

Tədbirin bədii hissəsində "Ana dilim" adlı kompozisiya təqdim olunub.