Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Milli Kino Gününün 125 illiyi münasibətilə videomaterial, ənənəvi və virtual kitab sərgisi hazırlanıb.

Kitabxanadan verilən məlumata görə, hazırlanan materiallarda Azərbaycan kino sənətinin keçdiyi böyük inkişaf yolu, müxtəlif illərdə çəkilən kino filmlər haqqında məlumat verilir.

Videomaterialda bu sahədə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan kinosunun inkişafı sahəsində imzalanan Sərəncam və Dövlət Proqramı da öz əksini tapıb.

Təqdimedilən materiallarda, eyni zamanda, müxtəlif illərdə yerli və beynəlxalq kino festivallarında iştirak etmiş Azərbaycan filmləri haqqında məlumat verilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual kitab sərgisində Azərbaycan kino tarixindən, onun inkişaf mərhələlərindən, öz adlarını Azərbaycanın kinematoqrafiya tarixinə qızıl hərflərlə yazmış korifeylərin həyat və yaradıcılığından bəhs edən “Heydər Əliyev və kinematoqraf”, “Kino və həyat”, “Səhnə fədailəri”, “Üçüncü dalğanın meridianlarında” kimi 20-dən çox kitabın biblioqrafik təsviri verilib.