Papanı görməyə gəlirlər...

 

Portuqaliyanın paytaxtı Lissabon bu həftə Roma Papasının səfəri ilə bağlı ümumilikdə  bir milyona yaxın zəvvarı qəbul edəcək.

Papa Fransiskin Portuqaliyaya səfəri avqustun 2-də başlanıb və dörd gün davam etməsi nəzərdə tutulub. Bu, 86 yaşlı pontifikin sayca 42-ci xarici səfəridir.

Bu günlər Portuqaliyanın digər şəhərlərindən, həmçinin müxtəlif ölkələrdən Papa Fransiski görməyə və messasını dinləməyə yüz minlərlə katolik axışır. Lissabonun 550 minə yaxın əhalisi var. Roma Papasının gəlişi ilə şəhərdə əhali sayı bir həftəyə üç dəfə artmış olacaq.

Yerli hakimiyyət orqanları təhlükəsizliyin təmin olunmasına 16 min polis və təcili xidmət əməkdaşı cəlb edəcək. Həftə ərzində 500 tədbirin keçirilməsi planlaşdırılır. Portuqaliya hökuməti və kilsə bunun üçün 160 milyon avro ayırıb.

Papa Fransiskin Dünya Gənclər Günü münasibətilə. Pontifikin Lissabon şəhərində Roma Katolik Kilsəsinin “Dünya gənclər günü” tədbirlərinə də qatılacağı gözlənilir. 2-3 ildən bir təşkil edilən katolik gənclərin yığıncağında ənənəvi olaraq Roma Katolik Kilsəsinin rəhbərləri də iştirak edirlər. Bu gün 1986-cı ildə Papa İohann II Pavel tərəfindən təsis edilib. Müxtəlif ölkələrdə keçirilən tədbir sonuncu dəfə 2019-cu ildə Panamada təşkil edilib. Lissabonda builki tədbirlər 1-6 avqust tarixlərini əhatə edəcək.

Roma Katolik Kilsəsinin “Dünya gənclər günü”nü 12 avqust – Beynəlxalq Gənclər Günü (International Youth Day) ilə qarışdırmaq lazım deyil. Maraqlıdır ki, bu günün də tarixi Lissabonla bağlıdır. 1998-ci ilin 8-12 avqustunda Portuqaliya paytaxtında dünya gənclər nazirlərinin ilk toplantısı keçirilib. Toplantının tövsiyəsi əsasında BMT Baş Assambleyası tərəfindən (17 dekabr 1999-cu il) bu gün təsis edilib.