Lənkəran rayonunun İstisu qəsəbəsində Lənkəranın ABŞ-nin Monterey şəhəri ilə qardaşlaşması çərçivəsində yaradılan “Dostluq parkı”nın açılışı olub.
Tədbirdə Lənkəranın icra başçısı Taleh Qaraşov, Lənkəran-Monterey Dostluq Assosiasiyasının həmsədri Nensi Selfric və Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulu Ramin Qurbanov iştirak ediblər.
Qeyd edilib ki, Lənkəran və Monterey şəhərləri 2011-ci ildən qardaşlaşıb. İcra başçısı Taleh Qaraşov yeni salınan parkda gələcəkdə Monterey günlərinin keçirilməsi təklifi ilə çıxış edib.
Baş konsul Ramin Qurbanovun sözlərinə görə, şəhərlər arasındakı qarşılıqlı əlaqələrin hərtərəfli dinamik inkişafı və toplumlar arasındakı yaxınlaşma Azərbaycan diasporunun fəaliyyətinə müsbət təsir göstərir.
Lənkəran-Monterey Dostluq Assosiasiyasının həmsədri Nensi Selfric tədbirdə iştirakdan və Lənkəranda olmaqdan məmnunluğunu ifadə edib. O, qarşılıqlı əlaqələrin inkişafı və adət-ənənələrimizin təbliği baxımından Montereydə də Lənkəran günlərinin keçirilməsinin əhəmiyyətindən danışıb.
Qeyd edək ki, İstisu qəsəbəsində 5 hektar olan ərazidə salınan “Dostluq parkı” iki hissədən – göl və bağdan ibarətdir. Tikintisinə 2022-ci ildən başlanılan parkın birinci hissəsi yekunlaşıb. Ərazidə süni göl salınıb, göldə katamaranlar yerləşdirilib, ərazidə söhbətgahlar quraşdırılıb.
Lənkəran-Monterey Dostluq Assosiasiyasının həmsədri Nensi Selfric tərəfindən hədiyyə olunan “Cırtdan” heykəli də buradadır. Azərbaycan folklorunun sevimli qəhrəmanı ABŞ-nin Kaliforniya ştatının Monterey şəhərində adına park olan oxşar qəhrəman “Denis the Menace”i salamlayır. Layihənin ikinci hissəsində parkda meyvə bağları, lavanda sahəsi və gənclərin istirahəti məqsədilə düşərgələr qurulması nəzərdə tutulub.