Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Milli kimliyim – ana dilim” adlı tədbir keçirilib.
Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib. Bildirilib ki, dilimizin saflığı və yaşaması uğrunda mübarizə XIX əsrin əvvəllərindən XX əsrin ortalarına qədər davam etsə də, onun dövlət dili səviyyəsinə yüksəlməsi, qorunması və inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Bədii hissədə ana dilimizə həsr olunmuş şeirlər səsləndirilib. Tədbirin sonunda Mərkəzi Kitabxanaya müxtəlif kitablar və jurnallar təqdim edilib.