Naxçıvan Dövlət Film Fondunda 2 avqust – Azərbaycan Kinosu Günü münasibətilə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən Kərimov çıxış edərək əlamətdar günün tarixi barədə məlumat verib. Bildirilib ki, Prezident Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli fərmanı ilə hər il avqustun 2-si ölkəmizdə kino işçilərinin peşə bayramı – “Azərbaycan Kinosu Günü” kimi qeyd olunur. 125 illik çətin və şərəfli bir yol keçən Azərbaycan kinosu xalqımızın tarixini, milli-mənəvi dəyərlərinin təbliğatçısı olub.

Qeyd olunub ki, Azərbaycan kino tarixində dönüş mərhələsi 1970-ci illərdən başlanır. Mədəniyyətimizin hamisi olan Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövrlərində milli kinonun inkişafı üçün mühüm tədbirlər həyata keçirilib. Ümummilli liderin himayədarlığı və təşəbbüsü ilə Azərbaycan tarixinə, dahi şəxsiyyətlərin həyatlarına güzgü tutan “Nəsimi”, “Nizami”, “Babək”, “Dədə Qorqud” kimi ekran əsərləri meydana gəlib, “İstintaq”, “Bir cənub şəhərində” kimi onlarla ekran əsəri Ulu öndərin dönməz iradəsi nəticəsində sovet senzurasından keçməklə izləyici qarşısına çıxa bilib. 

Bildirilib ki, Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli sərəncamı bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsinə təkan verib, dövlət başçısının sərəncamı ilə təsdiq olunan “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” icra olunub. 

O da diqqətə çatdırılıb ki, 125 yaşlı Azərbaycan kinosu həm də mədəniyyətimizə dəyərli aktyor, rejissor, rəssam, bəstəkarlar qazandırıb. Unudulmaz filmlərimizdən olan “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Əzablı yollar”, “Gümüş göl əfsanəsi”, “Doğma sahillər” və başqa ekran əsərlərinin müəyyən hissələri və natura çəkilişləri Naxçıvanda aparılıb. Bu gün Naxçıvan MR Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Dövlət Film Fondu, fonddakı kino muzeyi də milli kino sənətimizin qorunması, yaşadılması və gələcək nəsillərə ötürülməsi məramına xidmət edir.

Sonra tədbir iştirakçıları Tofiq Tağızadənin “Görüş” (1956) bədii filmini izləyiblər. Sonda Azərbaycan kinosu ilə bağlı stendlərə və kino muzeyinə baxış keçirilib.