Bir qrup amerikalı jurnalist və media ekspertinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri təşkil olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşan səfərin proqramı Ağdam şəhərindən başlayıb.

Əvvəlcə ANAMA-nın əməkdaşı qonaqlara işğal illərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarında, o cümlədən Ağdam rayonunda kütləvi şəkildə basdırılmış minalar barədə məlumat verib.

Amerikalı jurnalistlər bərpa olunan Cümə məscidinə, Ağdam Dram Teatrının qalıqlarına baxıblar. Onlara bu memarlıq abidələrinin işğaldan əvvəlki vəziyyətini əks etdirən fotoşəkillər göstərilib. Qonaqlar Ağdam rayonunda aparılan bərpa işlərinin gedişi ilə də tanış olub və Ağdam Konfrans Mərkəzini ziyarət ediblər.

Sonra Füzulidə olublar. Onlar yolboyu erməni barbarlığının təcəssümü olan dağıdılmış, viran qoyulmuş kəndləri, qəsəbələri seyr edib və Merdinli kəndindəki məscidə baxıblar. İşğal illərində Qarabağ ərazisində yerləşən bir çox məscidlərin erməni vandalları tərəfindən dağıdıldığı, onların bir qismindən başqa məqsədlər üçün istifadə olunduğu, bəzi məscidlərdə, o cümlədən Merdinli kənd məscidində heyvan saxlanıldığı diqqətə çatdırılıb.

Qonaqlar Füzuli Beynəlxalq Hava Limanı və Füzuli şəhərində salınan yeni yaşayış kompleksi ilə də tanış olublar.

Sonra Zəngilan rayonunun Ağalı kəndinə gedən qonaqlara məlumat verilib ki, “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış bu yaşayış məntəqəsinə Böyük Qayıdış Proqramına uyğun olaraq əhali köçürülüb və bu proses davam etməkdədir. Bildirilib ki, müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun işlə təmin ediliblər.

Amerikalı jurnalistlərə müsahibəsində kənd sakinlərindən biri deyib ki, işğal zamanı Zəngilanı tərk edərkən 20 yaşı olub. Rayon azad edildikdən sonra isə 50 yaşında ailəsi ilə birlikdə Ağalı kəndinə qayıdıb və artıq 8 aydır doğma yurdunda yaşayır, çalışır.

***

Amerikalı jurnalist və media ekspertləri ölkəmizin mədəniyyət paytaxtı Şuşa ilə tanış olublar. Onlara  Qafqazın musiqi mərkəzi hesab edilən Şuşanın yaranma tarixi, inkişafı, işğal illərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə erməni vandallarının şəhərdəki tarixi memarlıq, mədəni və dini abidələrini dağıtmaları, hazırda aparılan yenidənqurma, həmçinin abadlıq işləri barədə ətraflı məlumat verilib.

Nümayəndə heyəti “Güllələnmiş heykəllər” meydanını, Xurşidbanu Natəvanın ermənilər tərəfindən viran qoyulmuş evini, “Xan qızı” bulağını, Yuxarı Gövhər ağa məscidini, Molla Pənah Vaqifin məqbərəsini ziyarət edib, Şuşa qalasının divarları önündə və Cıdır düzündə şəkillər çəkdiriblər.