AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsi tərəfindən görülmüş işlərin hesabatı təqdim edilib.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli əvvəlcə akademiyada aparılan struktur islahatlarından söz açıb. Bildirib ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun bazasında Arxeologiya və Antropologiya İnstitutunun, Tarix İnstitutunun bazasında Tarix və Etnologiya İnstitutunun yaradılması haqqında AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılıb.

AMEA-da “Elektron Akademiya” şöbəsinin də yaradıldığını deyən İsa Həbibbəyli ötən müddət ərzində elmi nəşrlərin saytlarının hazırlandığını, gənc alimlərin, magistrant və doktorantların yaxından iştirakı ilə “Vikipediya”nın Azərbaycan dili bölməsində və bir sıra xarici dillər üzrə də fəaliyyətin genişləndirildiyini, AMEA-nın dövri elmi jurnallarında dərc olunan məqalələrə mərkəzləşdirilmiş qaydada DOİ identifikatorunun verilməsinə başlandığını vurğulayıb.

“Elektron Akademiya” şöbəsinin müdiri Fariz İmranov görülmüş işlərin hesabatını təqdim edib, şöbə əməkdaşları tərəfindən 5 veb-saytın yaradıldığını, 268 məqaləyə DOİ identifikatorunun verildiyini söyləyib. Bildirib ki, “Elektron Akademiya” şöbəsinin təşkilatçılığı ilə keçirilən “Vikipediya” təlimlərinə akademiyanın elmi müəssisələrinin əməkdaşları cəlb olunub və qısa müddətdə bu virtual məkanda azərbaycanca, eləcə də xarici dillərdə 1300-dən çox məqalə yaradılıb, yaxud redaktə olunub və ya tərcümə edilib.

İclasda çıxış edənlər müəyyən olunmuş indikatorlar üzrə elektron xidmətlər şəbəkəsinin səmərəliliyinin artırılması ilə bağlı təklif və mülahizələrini səsləndiriblər. Elektron xidmətlər sahəsində AMEA-nın elmi-tədqiqat müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsi barədə tapşırıqlar verilib.