Avqustun 3-də “CinemaPlus Gənclik Mall” kinoteatrında Azərbaycan kinosunun 125, "Azərbaycanfilm" kinostudiyasının 100 illiyi münasibətilə, Azərbaycan Kinosu Günü (2 avqust) ilə bağlı "Klassik Azərbaycan filmlərinə retrospektiv baxış" adlı silsilə film nümayişlərinin açılış mərasimi keçirilib.
Mədəniyyət Nazirliyi, Kino Agentliyi və “Azərbaycanfilm” kinostudiyasının birgə təşkilatçılığı ilə reallaşan aksiya avqustun 10-dək davam edəcək.
Əvvəlcə "CinemaPlus" kinoteatrlar şəbəkəsi Müşahidə şurasının sədri Zaur Darabzadə çıxış edərək Azərbaycan kinosunun inkişafı istiqamətində təşkil olunan bu cür tədbirlərin əhəmiyyətindən söz açıb: "Kinomuzun 125, "Azərbaycanfilm" kinostudiyasının 100 illiyi münasibətilə klassik Azərbaycan filmləri festivalını keçirməyi düşündük. Bu yolda bizə dəstək olan Mədəniyyət Nazirliyi, Kino Agentliyi və "Azərbaycanfilm" kinostudiyasına təşəkkürümüzü bildiririk".
Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov kino ictimaiyyətini təbrik edərək bildirib ki, iki il bundan əvvəl Rusiya kinoteatrlarında oxşar bir təşəbbüslə çıxış etdik və təxminən bir həftə ərzində Azərbaycan kinosu Moskva kinoteatrlarında nümayiş olundu: "Azərbaycan kinosunun qərib ölkədə nümayişi bizim üçün qürurverici idi. Orada klassik filmlərimizlə yanaşı, müasir filmlər də nümayiş olunurdu. Eyni zamanda Azərbaycanın səssiz filmləri də orada təqdim edildi. Milli filmlərimiz universaldır və bütün ölkələrdə nümayişə tam yaralıdır".
Layihənin əhəmiyyətini yüksək qiymətləndirən Xalq artisti, kinorejissor Vaqif Mustafayev təşəbbüsə və təşkilatçılığa görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.
Çıxışlardan sonra "Bəyin oğurlanması" (1985) filmi tam yenilənmiş versiyada nümayiş olunub.
Qeyd edək ki, avqustun 3-dən 10-dək layihə üzrə nümayiş olunmaq üçün 21 Azərbaycan filmi seçilib. Seanslara giriş sərbəstdir.
Seanslar haqqında məlumatı https://cinemaplus.az/az/films/klassik-az-rbaycan-filml-ri-festivali/ linki vasitəsilə əldə etmək olar.