Avqustun 4-də Azərbaycan Mətbuat Şurasında veteran jurnalistlərin bir qrupu ilə görüş keçirilib. MŞ sədri Rəşad Məcid toplantını açaraq bildirib ki, rəhbərlik etdiyi qurum ömrünü-gününü jurnalist peşəsinə sərf etmiş qələm sahiblərinin əməyinin qiymətləndirilməsinə, onlarla bağlı tədbirlərin təşkilinə böyük önəm verir. Bu məqsədlə Şuranın tərkibində Ahıl Jurnalistlər Məclisi fəaliyyət göstərir.

R.Məcid həmçinin bildirib ki, Mətbuat Şurası milli mətbuatımızın yaranmasının 148-ci ildönümü ilə bağlı veteran jurnalistlərin bir qrupunu diplomla təltif edib.

Çıxış edən veteran jurnalistlərdən “Xalq qəzeti”nin baş redaktor müavini Qüdrət Piriyev, uzun illər Azərbaycan Dövlət Televiziyasında çalışmış Allahverdi Əsədov, hazırda əmək fəaliyyətini “525-ci qəzet”də davam etdirən Tamella Məmmədzadə əməklərinə verilən qiymətə görə təşəkkürlərini bildirib, xoş xatirələrini bölüşüb, jurnalist peşəsinin məziyyətlərindən söz açıblar.

Sonda Qüdrət Piriyev, Allahverdi Əsədov, Tamella Məmmədzadə və Zakir Abbasa Mətbuat Şurasının diplomları təqdim olunub.