İşğaldan azad edilmiş torpaqlara Böyük Qayıdışın növbəti istiqaməti Füzuli şəhəri olacaq.

Avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Xüsusi nümayəndəliyinin və Füzuli Rayon İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər.

Komitədən verilən məlumata görə, püşkatmada 144 ailə ( 509 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq onlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dördotaqlı mənzillə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.

Püşkatmanın keçirilməsi məcburi köçkünlərin yerləşdirilməsində obyektivliyi və şəffaflığı təmin etmək məqsədi daşıyır. Məcburi köçkün ailələrin nümayəndələri püşkatma vasitəsilə onlara verilən evlərin dəqiq ünvanını müəyyənləşdirirlər.

Püşkatmada iştirak etmiş ailələr qısa müddətdə Füzuli şəhərinə yola salınacaqlar.