Birinci mərhələdə kəndə 20 ailə köçürüləcək...


Yaxın günlərdə Laçın rayonunun Zabux kəndinə də məcburi köçkünlərin qayıdışı başlayacaq. Avqustun 7-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Zabux kəndinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəliyinin və Laçın Rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak ediblər.

Püşkatmada 20 ailə (88 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq onlardan 4-ü ikiotaqlı, 4-ü üçotaqlı, 8-i dördotaqlı, 4-ü isə beşotaqlı mənzil ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.

Püşkatmanın keçirilməsi məcburi köçkünlərin yerləşdirilməsində obyektivliyi və şəffaflığı təmin etmək məqsədi daşıyır. Məcburi köçkün ailələrin nümayəndələri püşkatma vasitəsilə onlara verilən evlərin dəqiq ünvanını müəyyənləşdirirlər.

Laçın rayonunun Zabux kəndinin layihələndirilməsi və tikintisi üzrə sifarişçi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondudur. Kənddə birinci mərhələdə beton zirzəmi-sığınacağı olan 223 birmərtəbəli fərdi yaşayış evi inşa edilir. Bundan başqa, kənddə uşaq bağçası, inzibati bina, tibb məntəqəsi və digər obyektlər də tikilir.

Qeyd edək ki, Laçın rayonu mərkəzinə sakinlərin qayıdışı mayın 28-də başlayıb. Ötən müddətdə 180 ailənin Laçın şəhərində yerləşməsi təmin edilib.