Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı ilə əməkdaşlığı davam etdirir. İttifaq bu il də festivala maliyyə və informasiya dəstəyi verəcək.
VII “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı sentyabrın 26-dan oktyabrın 1-dək keçiriləcək. Mövzusu “KosmoDarvinizm: Dolça əsri” olan builki festivalın məqsədi sənədli film yaradıcılarının mövcud dəyişikliklər haqqında nə düşündüklərini öyrənmək və bəşəriyyətin dövrümüzün çağırışı olan rəqəmsallaşma, həyatın çılğın tempi, texnologiyaları cəlb etmədən insanların uğur qazanmaq cəhdlərinin öhdəsindən daha yaxşı gəlmək yollarına dair kinematoqrafik araşdırmaları diqqətə çatdırmaqdır.
Festival “Ən yaxşı beynəlxalq tammetrajlı sənədli film”, “Ən yaxşı beynəlxalq qısametrajlı sənədli film”, “Uşaqlar üçün ən yaxşı sənədli film (DokuKids)”, “DokuDarvin: Ən yaxşı yerli sənədli film” və “Əsas müsabiqəyə daxil olmayan filmlər” nominasiyaları üzrə keçiriləcək.
AKİ bir neçə ildir “DokuBaku” festivalının tərəfdaşıdır və bu ənənəni davam etdirmək niyyətindədir.
“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı 2017-ci ildə bir qrup kino peşəkarı və həvəskarı tərəfindən könüllü əsaslarla təşkil olunub. Festivalın təsisçiləri azərbaycanlı rejissor İmam Həsənov və çexiyalı rejissor, prodüser Veronika Yanatkovadır.