Qəbələ Dövlət Tarix-Bədii Qoruğu yerli turistlərlə yanaşı, ölkəmizə səfər edən xarici turistlərin də diqqətini özünə cəlb edir. Qoruğu ziyarət edənlərin arasında dünyanın bütün qitələrindən gələn turistlərə rast gəlmək olar. Uzaq Avstraliyadan gəlmiş turistlər də qoruğa səfərlərindən razı qalıblar.

Qoruqdan bildirilib ki, avstraliyalı qonaqlar əvvəlcə qoruğun tarixi məkanlarından olan Səlbir və Qala ərazilərində aparılmış arxeoloji qazıntı sahələri ilə tanış olublar. Əcnəbi qonaqlara Qəbələ Arxeoloji Ekspedisiyasının burada apardığı arxeoloji qazıntılar, yerli və xarici arxeoloqlar tərəfindən aşkar olunan tapıntılar barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Sonra avstraliyalı turistlər Qəbələ Arxeoloji Mərkəzində sərgilənən arxeoloji materiallarla tanış olublar. Onlara mərkəzin yaradılması və bu sahədə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının gördüyü işlər, sərgi salonundakı tarixi əhəmiyyətə malik tapıntılar barədə ətraflı məlumat verilib.

Avstraliyalı turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar.