Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Yaponiyaya səfəri çərçivəsində avqustun 8-də Kioto şəhərində olub və şəhərin meri, Tarixi Şəhərlər Liqasının prezidenti Daisaku Kadokava ilə görüşüb.

Görüş zamanı Şuşa şəhərinin Liqadakı fəaliyyəti barədə danışılıb, zəngin tarixə, mədəniyyətə məxsus, Tarixi Şəhərlər Liqasının üzvləri olan Şuşa ilə Kioto arasında münasibətlərin və əməkdaşlığın daha da möhkəmlənməsi istiqamətində fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb.

Daisaku Kadokava hazırda Qarabağda, o cümlədən Şuşada aparılan bərpa-quruculuq işləri barədə məlumatlı olduğunu bildirib, postmünaqişə dövründə sülh istiqamətində atılan addımları, əhalinin öz yurd-yuvalarına köçmələri üçün görülən işləri, bərpa-quruculuq layihələrini yüksək qiymətləndirib.

Aydın Kərimov Dünyanın Tarixi Şəhərlər Liqasının prezidenti, Kioto şəhərinin meri Daisaku Kadokavanı Azərbaycana, Şuşa şəhərinə qonaq dəvət edib.

Xüsusi nümayəndəni tədbirdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə müşayiət edib.

Qeyd edək ki, Azərbaycanın Şuşa şəhəri 2022-ci ilin noyabrında Cənubi Koreyanın Andonq şəhərində keçirilən Tarixi Şəhərlər Liqası Baş Assembleyanın iclasında bu quruma üzv qəbul olunub.