İtaliyanın San-Remo şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “O Patro Mia” (“Ey mənim atam”) adlı konsert keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, İtaliyada yaşayan azərbaycanlı bəstəkar Kəmalə Əlizadə və onun həyat yoldaşı, bəstəkar-musiqiçi Stefano Muskaritolonun təşkilatçılığı ilə gerçəkləşən tədbirdə yerli ictimaiyyətin nümayəndələri, media mənsubları iştirak ediblər.

Dövlət Komitəsinin nümayəndəsi Leyla Həmzəyeva konsertdən əvvəl çıxış edərək cari ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunduğu, bununla bağlı müxtəlif ölkələrdə dahi şəxsiyyətə həsr olunmuş tədbirlərin keçirildiyi diqqətə çatdırılıb. Konsertin təşkil olunmasına görə İtaliyadakı Azərbaycan diasporuna minnətdarlıq ifadə edilib. Soydaşlarımızın dost İtaliyanın ictimai-siyasi, sosial-iqtisadi və humanitar sahələrinə töhfələr verməsi yüksək qiymətləndirilib.

Konsert proqramında solistlər – Kəmalə Əlizadə (fortepiano), Stefano Muskaritolo (gitara), Tatyana Anisimova (soprano) və Eduard Lyaşuk (kontrabas) orkestrin müşayiəti ilə Azərbaycan, italyan və alman bəstəkarlarının əsərlərini, eləcə də “Ay Laçın”, “Gözəlim sənsən” xalq mahnılarını ifa ediblər. Sənətçiləri maestro Massimo Dal Pranın dirijorluğu ilə Bordiqera şəhər Simfonik Orkestri müşayiət edib.

Qeyd edək ki, Kəmalə Əlizadə həyat yoldaşı ilə birlikdə brifinq keçirib, jurnalistlərin suallarını cavablandırıblar.

Bakı Musiqi Akademiyasında görkəmli bəstəkar Arif Məlikovun sinfini bitirmiş K.Əlizadə təhsilini İtaliyada (İstituto Superiore di Studi Musicali) davam etdirib. Bəstəkar həyat yoldaşı ilə birlikdə xaricdə Azərbaycanla bağlı layihələr həyata keçirir.