Məktəblilər imitasiya olunmuş qazıntıda da iştirak ediblər

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Orta əsr Ağsu şəhəri” Dövlət-Tarix Mədəniyyət Qoruğunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə birgə layihə əsasında avqustun 9-da arxeoloji düşərgə təşkil olunub.

Düşərgədə İsmayıllı rayonundan məktəblilər, tarix üzrə olimpiadalarda yüksək nəticə göstərmiş şagirdlər, I və II Qarabağ müharibələrinin şəhid və qazilərinin övladları iştirak ediblər.

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin rəhbərliyi ilə reallaşan arxeoloji düşərgənin məqsədi gəncləri mədəni irs abidələri ilə əyani tanış etmək, onların biliklərini nəzəri və təcrübi əsaslarla artırmaqdır. Fariz Xəlilli “Orta əsr Ağsu şəhəri” qoruğu, burada qazıntılar nəticəsində üzə çıxan tapıntılar haqqında məktəblilərə məlumat verib.

Qoruq ərazisindəki baş meydanda imitasiya olunmuş arxeoloji qazıntı həyata keçirilib. Əvvəlcə məktəblilər sahə ilə tanış olub və arxeoloqun təlimatlarını dinləyib, proses zamanı işlədiləcək alətlər haqqında məlumat alıblar. Maska, əlcək və digər zəruri vasitələrlə də təmin edilən şagirdlər üç qrup şəklində işə başlayıblar. İmitasiya olunmuş arxeoloji qazıntı zamanı məktəblilər tərəfindən müxtəlif arxeoloji materiallar – saxsı qab parçaları, dəmir əşyalar, 2 ədəd mis sikkə, kömür qalıqları və s. Aşkara çıxarılıb.

Eksponatlar təmizlənib və qeydiyyata alınaraq aktlaşdırılıb.

Proqram çərçivəsində iştirakçılar üçün qoruq ərazisindəki sənətkarlıq məhəlləsi, hamam-yaşayış kompleksi, buzxana-anbar və Cümə məscidi üzrə ekskursiya təşkil olunub. Düşərgə iştirakçıları Cümə məscidi ərazisindəki Şıxməzid xanəgahı ilə bağlı sərgi ilə də tanış olublar.