Azərbaycan Milli İncəsənət Muzeyi və Gürcüstan Milli Muzeyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Muzeydən bildirilib ki, iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə vermək məqsədilə imzalanan sənəddə tərəflər bir neçə istiqamətdə səmərəli əməkdaşlıq əlaqələrinin qurulması üçün müvafiq şəraitin yaradılması haqqında razılığa gəliblər.

Memorandum sərgi mübadiləsi, muzey işi ilə bağlı konfransların, seminarların, treninqlərin keçirilməsi, daşınar mədəniyyət sərvətlərinin mühafizəsi, konservasiyası və bərpası, elektron kataloqların yaradılması ilə bağlı təcrübə mübadiləsi, beynəlxalq proqramlar və layihələr çərçivəsində əməkdaşlıq və s. kimi məsələləri əhatə edir.

Qeyd edək ki, aprelin 12-də Tbilisidəki Dmitri Şevardnadze adına Milli Qalereyada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin tərəfdaşlığı, Azərbaycan Milli İncəsənət Muzeyinin və Gürcüstan Milli Qalereyasının birgə təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı rəsm sərgisi açılıb. Sərgi Gürcüstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə və Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.