Şuşa həbsxanası ərazisində erməni vəhşiliyinin növbəti izi...

 

Şuşa şəhərinin erməni işğalında olduğu dövrdə törədilən vəhşiliyin daha bir izi üzə çıxıb. Avqustun 15-də Şuşada növbəti kütləvi məzarlıq aşkarlanıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşları məzarlığın aşkarlandığı əraziyə baş çəkiblər. Qeyd olunub ki, avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid insan qalıqları aşkar olunub. Onlardan 11-i bütöv, 6-sı isə skeletin hissələri şəklində tapılıb.

Xatırladaq ki, cari ilin iyununda da Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkarlanıb.

Dövlət Komissiyasının əməkdaşı Zaur İsmayılov bildirib ki, insan qalıqlarının aşkarlandığı məzarlıq Şuşa həbsxanasının ərazisində çirkab sularının yığılması üçün istifadə edilən quyu olub. İşgəncələr nəticəsində vəfat edən əsir və girovlar həmin quyuya atılıb. Hətta aşkarlanan altı nəfərə aid meyit qalıqlarının qarın nahiyəsində nal mismarları tapılıb. Çoxlarında kəsici-deşici alətlərlə zərbə yerləri mövcuddur və işgəncə yerləri açıq-aydın görünür.

Onun sözlərinə görə, Şuşa həbsxanasının ərazisində ümumilikdə yay ərzində 34 nəfərə aid insan qalıqları aşkar edilib.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada aşkarlanmış daha bir kütləvi məzarlıq haqqında “X” (“Twitter“) sosial şəbəkəsində paylaşım edib.

“Mülki şəxslərin və hərbi əsirlərin saxlandığı, onlara qarşı qeyri-insani rəftar edildiyi, həmin şəxslərin işgəncələrə məruz qaldığı, öldürüldüyü Şuşa həbsxanasının yaxınlığında 4000 nəfər itkin düşmüş azərbaycanlının daha bir kütləvi məzarlığı aşkarlanıb. Ermənistan məsuliyyətdən yayınmaq üçün kütləvi məzarlıqların yeri barədə ətraflı məlumat verməkdən imtina edir”, – deyə paylaşımda bildirilir.

***

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva da Şuşada növbəti kütləvi məzarlığın aşkarlanması ilə bağlı açıqlama verib.

Açıqlamada qeyd olunur ki, “Qalıqlara keçirilən ilkin baxış zamanı həmin şəxslərin bədənləri üzərində güllələnmə izlərinin olduğu, müxtəlif küt zərbələr endirildiyi, kəsici-deşici alətlərdən istifadə edildiyi, habelə başlarının bədəndən ayrı olaraq dəfn edildiyi məlum olub. Qeyd edək ki, Ermənistan tərəfindən işğal dövründə Şuşa həbsxanası ərazisində azərbaycanlı əsir və girovların saxlanılması, onlara işgəncələr verilməsi, qeyri-insani rəftara məruz qalmaları müxtəlif şahid ifadələri ilə təsdiqlənib. Bundan öncə iyun ayında da Şuşa həbsxanası ərazisində insan qalıqları üzə çıxıb.

Bu faktlar Ermənistanın azərbaycanlılara qarşı nifrət siyasətinin, əsir və girovlarla amansız rəftarının daha bir təzahürüdür”, – deyə açıqlamada bildirilir.

Qeyd olunur ki, ümumilikdə azad edilmiş ərazilərdə bu günədək çoxsaylı kütləvi məzarlıqlar üzə çıxıb, 500-ə yaxın insan qalıqları tapılıb. Ermənistan tərəfi isə kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırır. Buna baxmayaraq, hazırda aidiyyəti qurumlar tərəfindən Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsi məqsədilə növbəti kütləvi dəfn yerlərinin aşkarlanması və müvafiq ekspertizaların aparılması istiqamətində işlər davam etdirilir: “Bütün qeyd olunanları nəzərə alaraq, bir daha beynəlxalq təşkilatları aşkar edilən bu cür faktlara qəti reaksiya verməyə, nifrət cinayətlərinin təkrarlanmaması üçün zəruri tədbirlər görməyə, Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə məlumatların təqdim etməsinə çağırmağa dəvət edirəm”.