Altmış ilə yaxındır Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında yer alan Cüzeppe Verdinin “Aida” operasının yeni tərtibatda səhnələşdirilməsi nəzərdə tutulur.
Dünya opera sənətinin şah əsərlərindən biri Bakı səhnəsində bu dəfə argentinalı rejissor Hüqo de Ananın quruluşunda sənətsevərlərin görüşünə gələcək.
Akademik Opera və Balet Teatrının direktoru Xalq artisti Yusif Eyvazov Buenos-Ayres şəhərində argentinalı rejissorla görüşüb.
Teatrdan bildirilib ki, görüş zamanı məşhur rejissorla “Aida” operasının yeni tərtibatda hazırlanması müzakirə edilib.
Hüqo de Ana indiyədək “La Skala”, “Arena di Verona”, “Covent Garden”, “Opera Australia”, “Teatro Colon”, “Teatro San Carlo Cancels”, “Teatro Real” kimi dünyanın məşhur teatrlarında bir çox opera tamaşalarını səhnələşdirib.
Xatırladaq ki, italyan bəstəkarın 150 ildən çoxdur dünya səhnələrini bəzəyən “Aida” operası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 1965-ci ildə tamaşaya qoyulub. Operanın quruluşçu rejissoru Gürcüstanın Əməkdar incəsənət xadimi Mixail Kvaliaşvili, bədii tərtibat müəllifi Azərbaycanın Əməkdar incəsənət xadimi Əyyub Fətəliyev, rəqslərin quruluşçusu Xalq artisti Qəmər Almaszadə olub. Ötən müddətdə bir neçə ifaçı nəsli dəyişsə də, quruluş dəyişməyib.