Azərbaycan Aşıqlar Birliyində (AAB) növbəti layihə yekunlaşmaq üzrədir. “Aşıqlar Vətən müharibəsində Qələbəni tərənnüm edir” adlı layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.
AAB-nin sədr müavini Altay Məmmədli bildirib ki, layihə çərçivəsində aşıqların Azərbaycan Ordusunun 44 günlük müharibədə əldə etdiyi Qələbəni tərənnüm edən ifalarından ibarət audiodisk buraxılacaq. Əməkdar mədəniyyət işçiləri Ağamurad Şirvanlı və Samirə Əliyeva, aşıqlar Qələndər Zeynalov, Nazim Quliyev, Nəbi Nağıyev, Altay Məmmədli, Kəmalə Qubadlı, Roman Azaflı və digərləri, eləcə də “Çeşmə” və “Misri” qruplarının ifasında zəfər ruhlu mahnılar səsyazma studiyasında lentə alınıb. Ümumilikdə audiodiskdə 20 ifa yer alacaq.
Layihənin rəhbəri AAB-nin sədri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, koordinatoru birliyin katibi Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.