“Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” dövlət başçısının sərəncamının icrası ilə bağlı Gəncə Dövlət Dram Teatrı, Şəki Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Naxçıvan Dövlət Milli Dram Teatrı və Naxçıvan Dövlət Kukla Teatrlarında kadr problemini aradan qaldırmaq məqsədilə həmin teatrların nəzdində teatr-studiyaları yaradılıb.
Hazırda Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının nəzdində “Mən aktyoram”, Azərbaycan Dövlət Kukla Teatrının nəzdində isə “Oyuq” teatr-studiyası fəaliyyət göstərir.
Xatırladaq ki, bu ilin 11-12 aprel tarixlərində “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan peşəkar milli teatrının 150 illiyi ilə əlaqədar Teatr Forumu keçirilib. Forumda teatr sahəsinin inkişaf perspektivləri ilə bağlı bir çox məsələlər, o cümlədən region teatrlarının mövcud problemləri müzakirə edilib. Regiondan paytaxta gəlib təhsil alan rejissor və aktyorların sonradan peşəkar kadr kimi geri dönməməsi və bunun nəticəsində yerli teatrlarda yaranan kadr çatışmazlığı probleminin həlli istiqamətində də müxtəlif təkliflər irəli sürülüb.
Bu işdə respublikanın aparıcı teatrlarının təcrübəsindən istifadə edilərək yerlərdə teatrların fəaliyyəti üçün əlverişli şəraitin yaradılması nəzərdə tutulub. Regionlarda teatrların inkişafı, teatr sənətinin nüfuzunun və tamaşaçı marağının artırılması istiqamətində Mədəniyyət Nazirliyi tərəfindən məqsədyönlü işlər aparılır.