“Euronews” saytında Qəbələ Beynəlxalq Musiqi Festivalı barədə məqalə

 

“Euronews” telekanalının saytında XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı barədə “Qoy yaxşı musiqiyə öyrəşsinlər!”: Qəbələ festivalı gəncləri seçir” sərlövhəli məqalə dərc edilib.

Xatırladaq ki, ənənəvi festival bu il 27 iyul – 2 avqust tarixlərində Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilib.

Məqalədə qeyd olunur ki, Qəbələdə keçirilən beynəlxalq tədbir başa çatan yay mövsümünün ən parlaq musiqi hadisələrindən biridir. Onun vizit kartı həm tanınmış, həm də çox gənc ifaçılar üçün bərabər çıxış etmək imkanlarıdır.

Qəbələ festivalına Azərbaycan, eləcə də Böyük Britaniya, Türkiyə, Estoniya, Litva, Rusiya və Polşanın müxtəlif güşələrindən ifaçılar, dirijorlar, musiqi kollektivləri gəlmişdi.

Yay musiqi bayramına Dövlət Simfonik Orkestrinin müşayiətində “Viva Opera”nın konserti ilə start verildi.

Tədbirin bədii təşkilatçısı Fərhad Bədəlbəyli ifaçıları qürurla təqdim edərək deyir: “Sayca 13-cü festival adları bütün dünyada tanınan ulduzlarımız Yusif Eyvazov və Dinara Əliyevanın ifası ilə açılır. Lakin gənclər üçün də proqram mövcuddur”.

Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru və bədii rəhbəri Fuad İbrahimov deyir: “Gənc istedadlara festivalda xüsusi diqqət yetirildi. Onlar hər konsertdə iştirak edirlər. Festivalda onlara çox yüksək dəstək göstərilir. Hər bir ölkənin gələcəyi onun gəncləridir və əlbəttə ki, gənclərin belə tədbirdə iştirakı çox dəyərlidir”.

Gənc istedadların müşayiət edilməsi respublikada sistemli xarakter daşıyır. Qəbələ festivalı “Gənclərə dəstək” layihəsinin xətti ilə seçilmiş musiqiçilərə də şərait yaradır.

Fərhad Bədəlbəyli əlavə edir: “Festival həm də maarifləndirici xarakter daşıyır. Hər bir konsertdən öncə mühazirəçi çıxış edir. Arxamdakı zalda uşaq səsi eşidirsiniz. Qoy yaxşı musiqiyə öyrəşsinlər!”.

Qəbələ festivalının peşəkar ustadlarla görüş və gənc musiqiçilərin yetişməsi üçün məkan olduğunu vurğulayan “Euronews” saytı diqqətə çatdırır ki, festival Heydər Əliyev Fondu tərəfindən yaradılıb və Azərbaycan Mədəniyyət Nazirliyinin xətti ilə dəstək alır: “Bu tədbir bütün fəaliyyəti ərzində yay günləri və axşamlarında iştirakçıları və tamaşaçıları sevindirən klassik, xalq, caz və rəqs musiqisi bayramı kimi tanınıb”.