Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə 1-3 sentyabr tarixlərində Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçiriləcək.

Forum sentyabrın 1-də Şamaxı şəhərində işə başlayacaq, sentyabrın 2-3-də Bakıda, “Gülüstan” Sarayında davam edəcək.

Ədəbi və elmi ictimaiyyətin, tanınmış dilçi və ədəbiyyatşünasların, yazıçı və naşirlərin iştirak edəcəyi tədbirdə qloballaşmanın Azərbaycan dilinə təsiri və ana dilimizin saflığının qorunması, Azərbaycan dili və ədəbiyyatı zaman kontekstində, teatr və kinonun inkişafında ədəbiyyat faktoru, Azərbaycan uşaq ədəbiyyatının vəziyyəti və s. aktual mövzularda panel müzakirələri olacaq.