Teatra boyakarlığın azadlığını, boyakarlığa səhnənin nizamını gətirən Nazim Bəykişiyev

 

Onun haqqında yazmağı çoxdan istəyirdim. Çünki hazırda peşəkar Azərbaycan teatrının ən işlək rəssamlarından, saysız quruluşları ilə seçilənlərindəndir.

Akademik Milli Dram Teatrın repertuarındakı bir çox səhnə nümunələrinin titul vərəqlərində quruluşçu rəssam kimi Nazim Bəykişiyevin adı yazılır. Bu da o deməkdir ki, o, bir quruluşçu, tərtibatçı rəssam kimi illərdir fasiləsiz, özü də yaradıcılığından zövq ala-ala işləyib.

Yəqin bir neçə dəfə onunla söhbət, yazı cəhdimə də bu fasiləsiz iş tempi mane olub. Bu dəfə də cari məsələləri bir yana atıb onunla ürəkdən bir yubiley söhbəti eləmək istəyim baş tutmadı. Səhhətindəki problemlərə və xarakterinə, nə bilmək olar, bəlkə də rəssamlara məxsus susqunluğuna görə görüşümüzdə daha çox əsərləri, rəngləri, eskizləri, onlara qatdığı duyğuları “danışdı”.

Anadan olmasının 75-ci ildönümündə, özü də peşəkar Azərbaycan milli teatrının yaranmasının 150 illiyində onu belə susqun “dindirdim”.

Əvvəlcə haqqında oxucular üçün qısa təqdimat.

Xalq rəssamı, Dövlət mükafatı laureatı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Nazim Zöhrab oğlu Bəykişiyev 1948-ci ildə Bakıda anadan olub. 1969-cu ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinin rəngkarlıq bölməsini bitirib. Sonra Rusiya Teatr Sənəti Akademiyasında (Moskva, QİTİS) quruluşçu rəssam ixtisası üzrə təhsil alıb. SSRİ Xalq artisti Sergey Obraztsovun sinfində oxuyub. 1975-ci ildə həmin təhsil ocağını bitirdikdən sonra Rusiyanın Orconikidze (indiki Vladiqafqaz) şəhərinin Kukla Teatrında və Rus Dram Teatrında quruluşçu rəssam işləyib. Sonralar H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Azərbaycan Dövlət Gənclər Teatrında quruluşçu rəssam və baş rəssam vəzifələrində çalışıb. 1979-cu ildən SSRİ Rəssamlar, 1980-ci ildən Azərbaycan Teatr Xadimləri  ittifaqlarına üzv olub.

2002-ci ildə respublikanın “Əməkdar rəssam”ı, 2006-cı ildə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb. “Qızıl dərviş”  və “Humay” mükafatları laureatıdır. Əsərləri müxtəlif ölkələrdə sərgilənib, İngiltərə və Rusiyada fərdi sərgiləri açılıb...

Adam yox ola biləydi
Bir rəng içində,
Ağ bulud üzündə
Dümağ göyərçin kimi...

Xalq şairi Vaqif Səmədoğlunun Nazim müəllimə həsr etdiyi poeziya nümunəsindən götürdüyüm bu bənd özlüyündə bir rəssam, sənətkar, yaradıcı insan ömrünə nəzər üçün kifayət edir.

Bəli, şair haqlıdır. Nazim müəllim özünü, ömrünü, ən gözəl illərini rənglər içində itirib, sonra bambaşqa boyalarda yenidən zühur edib. Bu mənada müasir Azərbaycan teatr rəssamlığı və təsviri sənətində özlüyündə bir cığır müəllifidir. Təsadüfi deyil ki,  sənət aləmində müxtəlif istiqamətlərə maraq göstərən və öz parlaq istedadı və zəhmətsevərliyi ilə vurğunu olduğu peşəsinə bağlı adamdır.

Biz onu sözsüz ki, əsasən teatr rəssamı kimi tanıyırıq. 2001-ci ildən Akademik Milli Dram Teatrının baş rəssamıdır və məhsuldar fəaliyyəti ilə seçilərək o teatrın zəngin tarixində öz izini qoya bilib. Ən müxtəlif mövzulu və ağır səhnə əsərlərinin tərtibatını verib. Bu mənada akademik teatrın səhnəsində uğurla tamaşaya qoyulan H.Cavidin “İblis” və “Afət”, M.F.Axundzadənin “Lənkəran xanının vəziri”, V.Şekspirin “Hamlet”,  Elçinin “Qatil”, J.Koktonun “İnsan səsi”, Mir Cəlalın “Dirilən adam” kimi fərqli əsərlərin bədii tərtibatı ona məxsusdur.

Onun səhnə tərtibatları milli teatr dekorasiya sənətimizə verdiyi böyük töhfələrdir. 2006-cı ildə Vyananın Kamera Opera Teatrında (Wiener Kammeroper) dahi bəstəkar Üzeyir Hacıbəylinin  “Arşın mal alan” operettasına verdiyi quruluş onun rəssam kimi fərdi üslubunun, musiqili əsərə biçmiş olduğu təsvir zənginliyinin bariz nümunəsidir.

Bundan illər əvvəl – 1984-cü ildə SSRİ Xalq artisti, professor Mehdi Məmmədovun Akademik Milli Dram Teatrında hazırladığı “İblis” tamaşasına verdiyi tərtibata görə Dövlət mükafatına layiq görülən Nazim Bəykişiyev öz parlaq istedadı və zərif zövqü ilə daim diqqət mərkəzində qalıb.

İşini yalnız bir istiqamət üzrə məhdudlaşdırmayan, peşəkar Azərbaycan teatr rəssamlığına və səhnə tərtibatçılarının yetişməsinə də öz töhfələrini verən sənətkar uzun illər Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə də məşğul olub.

Yaradıcılıq üfüqləri zəngin olan rəssam haqqında danışarkən tanınmış sənət xadimlərinin də fikir və rəylərini qeyd etmək yerinə düşərdi.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun təbirincə desək, Nazim Bəykişiyev həm quruluşçu istedadına malik, həm də səhnə mədəniyyətini dərindən bilib müasir teatr aləmində baş verənlərin önündə getməyi bacaran sənətkardır. Sitat: “Nazim Bəykişiyev səhnə sənəti ilə yanaşı, öz emalatxanasında teatr dünyası ilə çətin uyğunlaşan rəngkar rəssam kimi çalışır və onun elə dərinliklərinə baş vurmuşdur ki, hətta bir müddət teatrdan uzaqlaşmışdır. Biz sərgilərdə onun həm tamaşaçıların, həm də tərifləməyi o qədər də xoşlamayan rəssam həmkarlarının diqqətini özünə cəlb edən çox incə, lirik əsərlərini gördük.

O, bütün zamanlarda rəssam adını uca tutmuş, çox dəyərli əsərlər yaratmışdır. Sevinirəm ki, bizlərlə yanaşı geniş tamaşaçı auditoriyası da onun böyük önəm daşıyan istedadlı səhnə əsərlərini teatrda görmək imkanı qazanmışdır”.

Nazim müəllimi iki sənət istiqaməti – teatr və rəssamlıq arasında sülh bağlayan, onların hər hansı birinə xəyanət etməyən, əksinə, hər iki istiqamətin bir-birini tamamlamasında böyük yol qət edən insan kimi də xarakterizə edirlər.

Mərhum rejissor, Xalq artisti Azər Paşa Nemət illər əvvəl rəssamın fərdi sərgisinin açılışında məhz bu məqama – rəssamın teatr sənəti ilə təsviri sənət arasındakı tandeminə diqqət çəkərək onu hər iki sənətin səlahiyyətli nümayəndəsi adlandırmışdı: “Rejissorluqla rəssamlığın bir sıra oxşar, hətta üst-üstə düşən yaradıcılıq səciyyələrini aşkarlamaq mümkündür. Hər ikisinin yaradıcılıq məkanı boşluqdur: boş səhnə və boş kətan... Və hər ikisi bu məhsuldar boşluğu bədii təxəyyülündə yaşayan görüntüləri əsərə çevirməyə can atır. Hər ikisi bu tələbkar boşluğu öz ruhunda çırpınan duyğu, xəyal, kədər və sevincləri, şübhə və ümidləri ilə  canlandırmaq həvəsi ilə yaşayır. Beləcə, hər ikisi bu məsuliyyətli, cazibədar, mürəkkəb, mübarək işi ləyaqətlə yerinə yetirməkdə sənətkarlıq və peşəkarlıq təməllərindən təkan almağa çalışır.

Məndən ötrü Nazim Bəykişiyev teatra boyakarlığın azadlığını, boyakarlığa isə səhnənin nizamını gətirib. Tam səmimi olaraq onu da vurğulamalıyam ki, Nazim milli mədəniyyət məkanında ustad sənətkar kimi mövcuddur və yaradıcılığın ən yüksək şərt və tələblərinə cavab verən böyük rəssamdır”.

Uzunmüddətli fəaliyyəti sayəsində Azərbaycan səhnəqrafiya sənətinin inkişafında özünəməxsus yeri olan rəssamın teatr-dekor işi sahəsindəki yaradıcılığı dramaturji əsərin dərin qatlarına həssaslıqla nüfuz etməsi və ədəbi materialın çox dəqiqliklə yozulması faktları ilə əlamətdardır. Dünya və Azərbaycan klassiklərinin fərqli janrlı əsərlərinə, eləcə də müasir teatr estetikasına uyğun səhnə işlərinə verdiyi çoxqatlı tərtibatlar buna əyani sübutdur. O, tablolarında olduğu kimi, dekorasiyalarında da Azərbaycan milli koloritini sərhədsiz, dünyəvi müasirliklə uzlaşdırmağa çalışır.

Sənətşünaslıq doktoru, professor İlham Rəhimli onun yaradıcılığını analiz edərkən maraqlı bir məqama diqqət çəkir: “Nazim, ilk növbədə, tamaşanın ideya-bədii dəyərini, rejissorun ali məqsədini tamaşanın bədii tərtibatında təcəssüm etdirməyə çalışır. Onun tərtibatları tamaşanın obrazı kimi səciyyələnir. Rəssam tamaşanın janrına uyğun olaraq rəng variasiyalarını dəyişir. Bu dəyişmələri və müxtəlifliyi şərti olaraq üç prinsipə bölmək olar: şux və parlaq rənglər; sərt və soyuq rənglər; rəmzi detallar və qarışıq rəng çalarları.

Nazim Bəykişiyev quruluş verdiyi teatrda səhnənin texniki ölçülərini dərindən mənimsəyir. Buna görə də onun tamaşalarında kompozisiya bitkindir. Fəza genişliyində poetik vüsət var. Bir sıra tamaşalarda Nazim Bəykişiyevin tərtibatı ikimərtəbəli olur. Bu iki mərtəbə də çox maraqlı və obrazlı detallarla əlaqələndirilir. Məkanından asılı olmayaraq onun tərtibatlarında aktyorların sərbəst və məzmunlu davranışları, hadisələrə sərbəst daxil ola bilmələri üçün bitkin şərait var”.

Nazim Bəykişiyev xarakter etibarilə sadə, səmimidir. Əsərlərinə bu yumşaq, zərif detalları da əlavə etməyi bacardığından onun istər mənzərə və fiqurlu kompozisiyalarında, istərsə də səhnə tərtibatlarında bu məqam aydın sezilir. Yetkinlik, daxili nizam, saf ruh, şəxsiyyətin iç dünyası və ətraf mühitlə harmoniyası  səciyyəvi keyfiyyətlər kimi yaradıcılığında da öz əksini tapır.

Rəssamın ən çox sevdiyi rəng ağdır. Bunu istər onun rəngkarlıq nümunələrinə, istərsə də teatr-dekor işlərinə baxarkən sezmək olur. Yaradıcılığında bu rəngin əhəmiyyəti böyükdür. Gah günəş kimi parlaq və bərq vuran, gah da sonsuzluq qədər qəmli və sirli-sehrli görünən ağ rəng rəssamın qarşısına qoyduğu məqsəddən asılı olaraq müxtəlif əsərlərində tamamilə fərqli effekt yaradır. Bu isə biz izləyicilər üçün rəssamın əsərlərindən gələn fövqəladə müsbət enerji ilə yanaşı, onun ruhi qatda saflığı ilə rabitəyə maneəsiz keçiddir. Sənətin mövcudluq və təsir gücü də, yəqin ki, məhz bundadır. Həm də öz daxili dünyasındakı azadlığını böyük sevgi və səxavətlə ifadəsində.

O, indi də iş başında – çox sevdiyi səhnəyə, sənətə  xidmətindədir. Baş rəssamı olduğu Akademik Milli Dram Teatrının yeni mövsümünə hazırlaşır. Özü də yeni-yeni işlərlə. Deməli, sənətə olan böyük sevgi və səhnənin cazibəsi bütün maneələri dəf edib, öz işığı ilə bütün qaranlıqları nura boyaya bilir. Və nə yaxşı ki, bu mümkün olur...

Həmidə Nizamiqızı