Tanınmış rəqqasə Aliyə Ramazanova vəfat edib

 

Azərbaycan rəqqaslıq sənətinin tanınmış nümayəndələrindən biri, respublikanın Əməkdar artisti Aliyə Ramazanova sentyabrın 1-də, ömrünün 83-cü ilində vəfat edib.

Aliyə Allahqulu qızı Ramazanova 7 fevral 1941-ci ildə Qusar rayonunda anadan olub. Valideynlərini uşaq ikən itirib. Bakıda uşaq evində böyüyüb. Məktəbdə oxuyarkən rəqs dərnəyinə gedib.

1958-ci ildə respublika üzrə rəqs kollektivləri arasında müsabiqədə “Əmək ehtiyatları” Respublika Cəmiyyətinin dərnək üzvü kimi uğurla iştirak edib və görkəmli rəqqasə, Xalq artisti Əminə Dilbazinin tövsiyəsi ilə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblına üzv qəbul olunub. 25 il bu kollektivin solisti kimi fəaliyyət göstərir, ansamblla birlikdə bir çox ölkələrdə Azərbaycan rəqs sənətini təqdim və təbliğ edib. 1982-ci ildə Azərbaycan SSR Əməkdar artisti adına layiq görülüb.

Aliyə Ramazanova 1983-cü ildə peşəkar ifaçı kimi səhnəni tərk etsə də, sənətdən uzaqlaşmayıb. “Şəhriyar” adına Mədəniyyət Mərkəzində “Zəriflik”, Bakı Dövlət Universitetində “Sevinc” milli rəqs qruplarını yaradıb, müxtəlif mədəniyyət ocaqlarında rəqs sənətimizi gənclərə həvəslə öyrədib...

“Mən sənətdə, səhnədə olmasaydım, bəlkə də çoxdan dünyada  yox idim. Məni yaşadan sənət, səhnə sevgisi olub” deyən Aliyə Ramazanova sevdiyi rəqs sənəti ilə zəngin ömür sürdü və mədəniyyət, incəsənət tariximizdə özünə əbədiyyət qazandı.

Allah rəhmət eləsin.