Lənkəran şəhər Mədəniyyət Mərkəzində “Sənətkarlıqdan sosial sahibkarlığa” adlı layihə çərçivəsində dəyirmi masa və sərgi təşkil edilib.
Tədbirdə Lənkəran, Masallı, Lerik və Astaradan olan sənətkarlar, mədəni irs sahəsi üzrə ixtisaslaşmış sahibkarlar və mütəxəssislər iştirak ediblər.
Açılış nitqi söyləyən Lənkəran-Astara RMİ-nin rəisi Bəxtiyar Qılıncov layihənin cənub regionu üçün vacibliyini qeyd edib, ölkənin bütün bölgələrində təşkil olunmasının əhəmiyyətini vurğulayıb.
Digər çıxış edənlər layihənin məqsəd və vəzifələrindən bəhs edib, mövzu ətrafında fikirlərini bölüşüblər.
Daha sonra layihənin işçi qrupu tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədbir cənub bölgəsini təmsil edən sənətkarların əl işlərindən ibarət sərgi ilə yekunlaşıb.
Qeyd edək ki, sözügedən layihə Azərbaycan “Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunur. Bu ilin iyul-sentyabr aylarını əhatə edən layihə iki regionda keçirilir. Layihənin növbəti tədbiri Şəki şəhərində təşkil olunacaq. Layihənin sonunda Bakı şəhərində regionlardan olan sənətkarlar, ekspert və qonaqların iştirakı ilə “Sənətkarlıqdan sosial sahibkarlığa” adlı sərgi-konfransın təşkili nəzərdə tutulub.
N.Məmmədli