Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu Gülüstan Əliyevanın hazırladığı Vətən müharibəsi şəhidi Süleyman Bağırov haqqında “Cənab leytenant” qısametrajlı sənədli film avqustun 31-də Şirvan Şəhər İcra Hakimiyyətində şəhid ailələrinin iştirakı ilə keçirilən görüşdə nümayiş olunub.
Öncə icra başçısı İlqar Abbasov, rayon rəsmiləri Şirvan şəhərindəki Şəhidlər xiyabanını ziyarət ediblər. Həmçinin Birinci Qarabağ müharibəsində Şirvan şəhərindən itkin düşən şəhidlərin xatirəsinə ucaldılmış abidənin və “Şəhid anası” memorial kompleksinin önünə gül dəstələri qoyulub.
İlqar Abbasov şəhid ailələri ilə görüşdə onlara vətənpərvər, mərd oğullar böyütdükləri üçün təşəkkürünü bildirib. O, şəhid ailələrinin daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayaraq Şirvan şəhərində də bu istiqamətdə tədbirlərin davam etdiriləcəyini deyib.
Sonra Gülüstan Əliyevanın müəllifi olduğu qısametrajlı film təqdim edilib. Filmin qəhrəmanı Süleyman Loğman oğlu Bağırov 1 fevral 1992-ci ildə Sabirabad rayonunun Sərxanbəyli kəndində doğulub. Leytenant Süleyman Bağırov 2020-ci il oktyabrın 8-də Füzuli istiqamətində döyüşdə həlak olub. Şirvan şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub. Ölkə başçısının sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Maraqla qarşılanan filmin nümayişindən sonra icra başçısı İlqar Abbasov qonaqlara və şəhidin ailə üzvlərinə Şirvan şəhərində ucaldılan “Zəfər” abidəsinin əksi olan xatirə hədiyyəsi təqdim edib.