Yay məzuniyyətini başa vuran teatrlar yeni mövsümün açılışına hazırlaşır. Sentyabrın ilk günlərində yaradıcı kollektivlərdə toplantılar olub, yeni yaradıcılıq planları, gələcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan Dövlət Kukla Teatrında mövsümün başlanması münasibətilə kollektivin geniş tərkibdə toplantısı keçirilib. Teatrın direktoru Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə kollektivə yeni yaradıcılıq uğurları arzulayaraq, ötən mövsümdə olduğu kimi, bu mövsümdə də maraqlı layihə və yaradıcı ideyaların realizə olunacağını deyib.
Yay məzuniyyəti müddətində də kuklaçıların səyyar tamaşalar göstərdikləri, mədəni-sosial layihələrdə iştirak etdikləri diqqətə çatdırılıb. O cümlədən 26 avqust – Laçın şəhər günü tədbirləri çərçivəsində teatrın və teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının tamaşa-konsertlə çıxış etdiyi xüsusi vurğulanıb.
Bildirilib ki, teatr yeni mövsümə sentyabrın 15-də – Bilik günündə start verəcək. Həmin gün balacalara yeni səhnə nümunəsi – “Melisa” tamaşası təqdim olunacaq.
Opera və Balet Teatrında yeni baş baletmeyster
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Xalq artisti Yusif Eyvazov yeni mövsümün açılışı ilə əlaqədar kollektivlə toplantı keçirib.
Direktor ilk olaraq teatra yeni təyin olunmuş baş baletmeyster Ruslan Pronini balet truppasına təqdim edib.
Rusiyanın Əməkdar artisti, baletmeyster-repetitor, pedaqoq Ruslan Mixayloviç Pronin 1988-2008-ci illərdə Moskvada Böyük Teatrın solisti olub. O, həmçinin dünyaca məşhur xoreoqraf, SSRİ Xalq artisti Yuri Qriqoroviçin assistenti kimi onun quruluşlarını müxtəlif ölkələrin teatr səhnələrində həyata keçirir. Həmin quruluşlardan biri Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti, görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin 18-19 sentyabr tarixlərində Heydər Əliyev Sarayında nəzərdə tutulan premyerasıdır.
Sonra Yusif Eyvazov yeni mövsümdə qarşıda duran prioritet məsələlər, gözlənilən maraqlı layihələr, premyeralar haqqında məlumat verib. Bildirib ki, hazırda xarici teatrlarla müqavilələr də bağlanır. Əsas məsələlərdən biri də teatrın qastrol səfərlərinin təşkil edilməsidir. Milli mədəniyyətimizi ölkə hüdudlarından kənarda təmsil etmək balet truppasının artistləri və solistlərimiz üçün böyük bir stimuldur. Milli və unudulmuş operalarımızın bərpası da qarşıda dayanan məsələlərdən biridir. Həmin operaları dünyanın ən tanınmış səhnələrində nümayiş etdirməliyik.
Direktor bildirib ki, Opera və Balet Teatrının binasının təmirə bağlanması kollektivin iş fəaliyyətinə təsir etməyib. Heydər Əliyev Fondunun dəstəyi ilə Heydər Əliyev Mərkəzində, Heydər Əliyev Sarayında, eləcə də BMA-nın Opera studiyasında həm balet, həm də opera tamaşalarını nümayiş etdirmək üçün şərait yaradılıb.
Milli Dram Teatrında yeni mövsümün planları
Azərbaycan Akademik Milli Dram Teatrında məzuniyyətdən sonra kollektivlə ilk görüş keçirilib.
Sənət ocağının bədii rəhbəri Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə gələcək planlar, hazırlanacaq tamaşalar haqqında məlumat verib.
Teatr yeni mövsümdə üç tamaşa hazırlayacaq. Yeni yaradıcılıq işləri Çingiz Aytmatovun “Əsrə bərabər gün”, Şıxəli Qurbanovun “Sənsiz” və Xalq yazıçısı Anarın “Dantenin yubileyi” əsərləri əsasında hazırlanacaq eyniadlı tamaşalardır.
Mehriban Ələkbərzadə kollektivi təbrik edib, uğurlar arzulayıb.
Görüşdə 2023-cü ilin yanvar-iyul aylarında Akademik Milli Dram Teatrının həyatında baş verən hadisələrin hesabatından ibarət videoçarx təqdim olunub.
Musiqili Teatr qastrolları davam etdirəcək
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yeni mövsümün başlanması ilə əlaqədar kollektivin geniş tərkibli toplantısı keçirilib.
Teatrın direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev yeni mövsüm münasibətilə kollektivi təbrik edib. Bildirib ki, ötən mövsüm bir çox əlamətdar hadisələrlə yadda qalıb. Yaradıcı heyət respublikamızda keçirilən tədbirlərdə, eyni zamanda xaricdə festivallarda da təmsil olunub. Bu günlərdə (26 avqust) Laçında “Şəhər günü” tədbirləri çərçivəsində nümayiş olunan “Arşın mal alan” (Üzeyir Hacıbəyli) tamaşasının yaradıcı heyətinə xüsusi təşəkkürünü bildirən direktor ilboyu bu qəbildən səfərlərin olacağını diqqətə çatdırıb.
Ulu öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrımızın 150 illik yubileyləri ilə əlaqədar hazırlanan “Sən elə bir zirvəsən!...” musiqili-tarixi essesinin ötən mövsümdə təqdimatından söhbət açılıb və yeni mövsümün açılışının da bu layihə ilə olacağı vurğulanıb. Qeyd edilib ki, Gəncə və Şəkidə də nümayiş olunan bu tamaşanın Mingəçevir, Lənkəran və Naxçıvan şəhərlərində təqdimatı nəzərdə tutulub.
Tədbirdə teatrın dördaylıq (2023-cü ilin sonunadək) repertuar planı təsdiqlənib, müzakirələr aparılıb.
Gənc Tamaşaçılar Teatrında təltifli toplantı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2023-2024-cü il üzrə yeni mövsümün açılışı ilə əlaqədar kollektivlə görüş və ümumi iclas keçirilib.
Teatrın direktoru Naidə İsmayılzadə növbəti mövsümdə yaradıcı heyətlə görüləcək işlər barədə danışıb, kollektivə uğurlar arzulayıb.
Sonra teatrın aktrisası, Xalq artisti Naibə Allahverdiyevaya 60 illik yubileyi münasibətilə teatrın fəxri diplomu təqdim olunub.
Bundan başqa, teatrın bir qrup yaradıcı heyəti və texniki işçiləri Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanları ilə təltif olunublar.