Aktrisa Səbinə Məmmədzadə Türkiyədə magistr təhsili alacaq
Teatrdan yazan həmkarlarımın da yəqin başına az gəlməyib: hansısa tamaşanın quruluşçu rejissoru, teatrın inzibati, ya da yaradıcı rəhbərliyindən kiminləsə söhbətdə hər hansı tamaşa barədə ürək açmayan fikir söyləyən kimi qarşındakının ilk iradı aktyorların ünvanına deyiləcək: öyrənmək, biliklərini artırmaq istəmirlər, tənbəldirlər, xüsusən də gənclər…
Bu gün isə biz haqqında xoş fikirlər eşitdiyimiz gənc aktrisadan danışırıq. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Səbinə Məmmədzadə bu il Türkiyənin sayılıb-seçilən ali təhsil ocaqlarından birinin – Mərmərə Universitetinin magistraturasına daxil olub.
– Səbinə xanım, əvvəlcə sizi təbrik edirəm. Sizi daim öz üzərində işləyən, bilik-bacarığını artıran aktrisa kimi tanımışıq. İndi də magistr təhsili...
– Təbrikə görə çox sağ olun. Artıq on ildir ki, Gənc Tamaşaçılar Teatrında çalışıram. Həm uşaqlar, həm də böyüklər üçün tamaşalarda çıxış edirəm. Xoşbəxt aktrisayam ki, ayrı-ayrı rejissorların tamaşalarında rol almışam. Öyrənmək, çalışmaq məsələsinə gəlincə, mən həmişə öz sənətimlə bağlı biliyimi artırmağa hazıram. Seriallardan aldığım qonorarı da Rusiyadakı yay məktəblərinə, yaradıcılıq laboratoriyalarına qatılmaq üçün xərcləyirəm.
– Amma özünüz də teatr studiyası yaratmısınız...
– Bəli, üç ildir ki, bizim studiyamız fəaliyyətdədir. İstədim ki, Bakıda, şəhər ətrafında yaşayan, sənətə həvəs göstərən uşaqlar, yeniyetmələr bu studiyada məşğul olsunlar, görkəmli sənətkarlar onlar üçün ustad dərsləri keçsinlər. Çox valideynin uşağın əlindən tutub şəhərin mərkəzinə gətirmək imkanı yoxdur. Odur ki, biz qəsəbələrə üz tutduq. Mədəniyyət evlərində studiyanın filiallarını yaratdıq. Son işlərimizdən biri də Laçında oldu ki, mediada işıqlandırıldığından təkrar danışmağa ehtiyac duymuram.
– Əvvəlcə Bakı Xoreoqrafiya Məktəbini, sonra da Mədəniyyət və İncəsənət Universitetini dram rejissorluğu ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmisiniz. Türkiyədə hansı istiqamət üzrə təhsil alacaqsınız?
– Mərmərə Universitetində menecment, teatr prodüserliyi üzrə təhsil alacağam. Bir az zaman və maliyyə baxımından çətindir, təhsil ödənişlidir. Amma fikirləşirəm ki, layiq görüldüyüm Prezident mükafatını təhsilimə xərcləyib özümə, gələcəyimə sağlam yatırım edim. Düşünürəm ki, menecment təhsili daha maraqlı və böyük layihələr üzərində çalışmaq, hərtərəfli uğur qazanmaq üçün mənə düzgün yol göstərəcək. O zaman təkcə aktrisa kimi yox, həm də teatr sahəsi üzrə prodüser, menecer kimi də milli teatrımıza xidmət edə biləcəyəm.
Sənət hədəflərini düzgün müəyyən edən, uzaqgörən yaradıcılıq planları quran və öz hədəflərinə doğru inamla gedən gənc aktrisaya sənət və təhsil həyatında uğurlar arzulayırıq.
Gülcahan Mirməmməd