Şəhidlərin qalıqları torpağa tapşırılıb

 

Otuz il əvvəl, Birinci Qarabağ müharibəsi zamanı Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə itkin düşən şəhid Hüseynov Əli Heydər oğlunun Edilli kəndində kütləvi məzarlıqda aşkarlanan nəşinin qalıqları Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, döyüş yoldaşları, müvafiq qurumların nümayəndələri, rayon sakinləri, qazilər, şəhid ailələri iştirak ediblər.

Şəhidlərimizin ruhuna dualar oxunub və “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndirilib.

Şəhid Əli Hüseynovun nəşinin qalıqları himnimizin sədaları altında torpağa tapşırılıb. Şəhidin tabutunun büküldüyü Azərbaycan bayrağı qardaşına təqdim olunub.

Hüseynov Əli Heydər oğlu 1968-ci il avqust ayında Füzuli rayonunun Yuxarı Yağlıvənd kəndində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib. 1993-cü ilin avqustunda itkin düşüb.

Əli Hüseynovun nəşinin qalıqları 2022-ci ildə Xocavənd rayonunun Edilli kəndi ərazisindəki kütləvi məzarlıqda aşkar edilib. Kənd İkinci Qarabağ müharibəsində, 15 oktyabr 2020-ci ildə işğaldan azad olunub. Həmin məzarlıqda erməni vəhşiliyinə məruz qalan, məftil və kəndirlərdən istifadə edilməklə əl-ayağı bağlanaraq kütləvi şəkildə basdırılmış 12 insan qalığı tapılıb. Kəllə sümüklərində küt alət izləri, həmçinin güllə və iti alətin deşdiyi izlər müşahidə olunub. Bu faktlar onu göstərir ki, erməni qəsbkarları əsir götürdüyü azərbaycanlıları xüsusi zorakılıqla qətlə yetirib və kütləvi basdıraraq cinayət izlərini ört-basdır etməyə çalışıblar.

***

1993-cü ildə itkin düşən daha bir şəhidimiz Əsəd Məmməd oğlu Məmmədovun da qalıqları Edilli kəndi ərazisindəki kütləvi məzarlıqda aşkarlanıb.

Birinci Qarabağ müharibəsində Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşən Əsəd Məmmədovun qalıqları Ağstafa rayonunun Eynallı kənd qəbiristanlığında dəfn olunub. Vida mərasimində şəhidin ruhuna dualar oxunub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb.

Əsəd Məmmədovun tabutuna örtülmüş bayrağımız şəhidin oğluna təqdim olunub.

Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Müdafiə Nazirliyinin, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri, qazilər iştirak ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.