Yarıqaranlıq, uzun dəhlizlə irəliləyirəm. Bilmirəm niyə, amma hər dəfə bu məkana məhz xidməti qapıdan, qrim otaqları istiqamətindən daxil olanda qəribə hal keçirirəm. Mistika ilə əlaqəsi yoxdur. Sadəcə, elə bilirəm o dəhlizlər, divarlar, elə boş səhnənin özü nə isə deyir. Razı-narazı, sevincli-qəmgin, çılğın-müdrik, fərqi yoxdur, amma nə isə demək istəyir. Bu qərib təəssüratdan daha çox darıxıram. Ona görə də heç bir teatrımızın xidməti hissələrində olmağı sevmirəm. Məntiqsiz görünsə də, mənə elə gəlir ki, səhnənin yükünü, səhnədəkilərin bütün ağrısını arxa plan çəkir və o, hər zaman yorğundur...

Zalda orta sırada oturub diqqətlə səhnəni, məşqi izləyən rejissor və ondan öndəki 2-3 nəfərdən başqa heç kim yox idi. Səhnə isə həmişəki kimi dolu və canlı: aktyorlar məşq edirlər. Qrimsiz, əlbəsəsiz, dekorsuz da səhnəni doldura bilmişdilər. Qeyri-ixtiyari “Doğrudan da, teatr aktyorundur və onsuz bu quru divarlar heç kimə lazım deyil” deyib səhnə ilə üzbəüz oturacaqda yerimi alır, diqqətimi səhnəyə yönəldirəm. Əlində rol dəftəri mərkəzə gələn aktyorlardan biri replikasında səhvə yol verir. Sözü şahin kimi havada tutan rejissor köməkçisi xırıltılı səslə ona müdaxilə edir. Elə bu dəm əsəbi nida boş salonda cingildəyir:

– Görürsən də, görürsən də mənim günümü?! Sən də deyirsən ki, bəs Brext belə gəldi, Meyerxold belə getdi. Adə, bu məxluqnan Brext olar, bu məxluqnan Meyerxold olar? Üç kəlmə sözü səhərdən adam kimi buna dedizdirə bilmirəm. Mən köpək oğlu Feyzulla Kəbirlinskiynən böyük sənət yaradacam? Sonra da papiros çəkirmiş kimi iki barmaqlarını dodaqlarına yaxınlaşdırır, dərindən nəfəs alıb yazıq Kəbirlinskinin nəfəsini kəsəcək son zəhərini də “boşaldır”: – Balam, səndən yaxşı pinəçi olar, çayçı, aşpaz, mən nə bilim camadar, məsciddə mürdəşir olar, amma daha aktyor yox, atam, aktyor yox. Aktyorluq sənətdir ey, ay müsəlmanlar, açın qulağınızı eşidin, iskusstvo. Yaradıcılıq. Tvorçestvo. Burda istedad lazımdır. Temperament, hərarət lazımdır. Bəli, hərarət. 36,6 hərarətiylə sənət yaratmaq olmaz. Gərək qaynayasan, yanasan ki, yaradasan. Yoxsa səsinin zor yerinə salmağnan iş keçməz, atam balası, çığır-bağırnan obraz yaratmaq olmaz. Səsin gurdur, çox əcəb, get məscidə, ol azançı...”.

***

Bu məqamda zaldan rejissor müdaxilə edir: “Elşən, bir az yumşalt, bir az da kinayə qat, baxaq” deyəndə dərindən nəfəs aldım. Qeyri-ixtiyari düşdüyüm təsirdə həm də xatırladım: axı, biz məşqdəyik...

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Anarın “Dantenin yubileyi” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın məşqləri gedir. Yeni yaradıcılıq işinin quruluşçu rejissoru Sankt-Peterburqda yaşayan azərbaycanlı istedadlı rejissor Ərşad Ələkbərov (o, bundan öncə də bu teatrın səhnəsində tamaşa hazırlayıb), quruluşçu rəssamı Samirə Həsənova, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Amal Ramazanov, rejissor assistenti Dilbər İsmayılovadır.

Tamaşada Xalq artisti Sabir Məmmədov (Feyzulla Kəbirlinski), Əməkdar artistlər Sənubər İsgəndərli (Həcər), Elşən Rüstəmov (Səyavuş), Mətləb Abdullayev (Ağamehdi), Anar Heybətov (Cavad Cabbarov), Şəlalə Şahvələdqızı (Səfura), aktyorlar Şəhla Əliqızı (Anaxanım), Rüstəm Rüstəmov (Əlikram), Vüsal Mustafayev (Məcid Ələsgərov), Məhsəti Tahirzadə (Lena), Ramin Şıxəliyev (Gənc tənqidçi), Cümşüd Zeynalov (Mamed), Elsevər Rəhimov (Eldar), Tural İbrahimov (Aydın), Nəzrin Abdullayeva (Rəna) və Lalə Süleymanova (Roza) çıxış edirlər.

Tamaşanın dəvət olunmuş iştirakçıları da var. Səhnədə aktyorları canlı musiqi – yəni instrumental ifaçılar müşayiət edəcək: Ayat Baxşıyev, Xəyal Əliyev, Vaqif Hacıyev və Vüsal Əliyev.

Məşq ayrı-ayrı şəkillərin təkrar-təkrar keçilməsi ilə fasiləsiz davam edir. Hiss olunur ki, rejissorun istəkləri, fərqli tələb və üslub istiqamətləndirməsi aktyorların ürəyindəndir. Amma həm də yorulublar.

***

...Həcər və Anaxanımın səhnəsidir. Uğursuz, fərsiz, kasıb ərdən bezgin Həcər paltar yuyur. Sözbaz və qeybətcil qonşusu Anaxanım da yanında dayanıb dil boğaza qoymaq bilmir. “Dünən gördüm ərivi televizorda, amma qaragün yenə ağzını açıb bir kəlmə dinib-danışmadı. Belə lal-dinməz oyunu niyə oynayır, ay Həcər bacı?” deyib qonşusuna od qoyur.

Qəzəb və nifrətini ustalıqla içində boğan Həcər də “Nə bilim, ay Anaxanım. Amma onların sənəti belədir ki, şərt danışmaq deyil. Elə fərasət ondadır ki, danışmaya-danışmaya göznən, qaşnan, himnən-cimnən rol yaradasan. Belə rolları da uşaq-muşaq oynaya bilməz də. Gərək təcrübən, səriştən olsun. Belə rol olanda harda olsa, bizim kişini tapıb çağırırlar. Nədi bələddirlər səriştəsinə, bilirlər ki, təcrübəsi çoxdur” deyib var gücü ilə paltarları ovalayır, sıxır, çırpır, asması üçün Anaxanımın üstünə atır.

Taleyindən küskün qadının ovqatına köklənən aktrisa rejissorun ikinci müdaxiləsi ilə səsindəki açıq hiddəti öləzidərək “Elə hey televizora çağırırlar. Kinoya çağırırlar, çoxuna özü getmir. Abrın, həyasın saxlayır. Yoxsa o da başqaları kimi sırtıqsifət olsaydı, çoxdan ad da almışdı, ev də” deyib qeyri-ixtiyari gülümsəyir. Elə biz də.

Əhvalatın nəqli ilə, hadisələrin eyni zaman axarı və məkan vahidində təyin olunan quruluş həllində səhnədə yalnız bir avtobus görəcəyik. O hərəkət etdikcə gah səhnə, gah Kəbirlinskinin evi, gah dərnək, gah televiziya studiyası, gah da kinostudiyanın dublyaj otağı olacaq. Beləcə, biz bir məkan içərisində fərqli situasiya və hadisələrin dəyişkən temperamentlərdə ifadəsini görəcəyik.

Rejissorun təyin etdiyi bu formaya görə biz indi də başqa bir hissənin – Kəbirlinskinin “üçcə sözü” deyə bilmədiyinə görə gənc tənqidçinin qəzəbinə düçar olmasının həllinə baxırıq. Burada da aktyorlar bir hissəni, hissə nədir, 3-4 sözlük replikanı azı 4-5 dəfə təkrar edirlər. Arada bir-birinə hirslənib “Bəsdir də, de, çıxaq gedək, işimiz-gücümüz var axı” deyirlər. Sözsüz ki, rolunu tam əzbərləməyən bu 1-2 nəfər gülməyə saldıqca beynimdə səhnə və səhnədəkilərin özləri ilə prototipləri arasında rabitə yaranır. Sözsüz ki, sıralarında tez uğur qazanıb rejissorun və tamaşaçının gözündə ucalan Cavad Cabbarovlar da var, boğazda qurğuşun kimi düyünlənən Kəbirlinski də. Özü də nəinki bu heyət, bu teatrda. Məncə, dünən olduğu kimi, bu gün də, çox yəqin ki, elə sabah da hər teatrın bir Kəbirlinskisi olub, var və olmalıdır da. Niyə? Çünki Kəbirlinskilər olmasa, o böyük sənət yanğı və istəyimiz də öləziyər. Bu mənada yəqin ki, sənət də məhz belə təzad və tərəddüdlərin ortasında qərar tutur.

Amma Kəbirlinskiləri kötük hesab edən, onları “həmişəlik məzuniyyətə” göndərmək istəyən gənc tənqidçilərimiz, hər şeyə rəğmən Kəbirliskidən imtina etmək istəməyən liberal humanist rejissorlarımız, 60 yaşlı kişini bir ay əvvəl olan “Dantenin yubileyi”nə dəvətnamə ilə ələ salan Məcidlərimiz də həmişə var.

***

...Heyətin fasiləyə getməsi ilə səhnənin işıqlarını da söndürürlər. Qara fikirlərin çökdüyü qaranlığa inad səsimizi qaldırırıq, işıqlar yanır. Üstəlik, 2-3 saatlıq məşqdən ayrılan Sabir Məmmədov və Sənubər İsgəndərlini söhbətə tuturuq.

Sabir Məmmədov Kəbirlinski taleyi yaşamasa da, bir aktyor kimi onu yaxşı anlayır. Məncə, onun bu obraza içdən-içə bir həsədi də var. Çünki ömründə bir baş rol oynamayan, səhnədə ayağı-ayağına dolaşa-dolaşa “Mən ömrümü bu sənətə vermişəm” deyən o qədər iddialı hazıra nazir görüb ki...

Amma bu fikri də içimdə saxlayıb məşhur “hə, noolsun”a sığınıb keçirəm qəhrəmanına biçdiyi boy barədə fikirlərinə: “Kəbirlinski kimi aktyorlar teatra lazımdır. O, istedadsız deyil. Peşəkar və işini sevəndir. Sadəcə, o, klassik, köhnə məktəbin aktyorudur, Brext dövrünə keçid edə bilmir. O, orda qalıb. Anar müəllim əsəri o qədər dəqiq işləyib ki, prototiplər indi də var. Kəbirlinski ziqzaqlı obrazdır. Onun yeri əslində teatrdadır. Baxın, rejissor da onu işdən çıxarmır. Onun bədbəxtliyi təkcə teatrla bağlı deyil. Evində də yeri yoxdur. Situasiyanın içində özü də çıxış yolu tapa bilmir və elə də qalır. Sonluqda da “yeri haradadır, kimdir, nə istəyir və ondan nə istəyirlər”i bilmir. Mənəvi və psixoloji anlamda heç yerdə olmasa da, həm də hər yerdə var...”.

Səhnədə uğursuz kişinin, aktyorun həyat yoldaşını oynayan, onun qadın olaraq hisslərini tamaşaçıya ifadədə haqlı görünən, Həcərinə usta bəraət üçün rejissorun hər dediyinə ən incə nüansa qədər diqqət yetirən Sənubər İsgəndərlidən qəhrəmanı ilə ünsiyyətini xəbər alıram: “Mən o qadına həsəd aparmıram. Tamaşa boyu arvad deyinir, amma içində, istər-istəməz dərd çəkir. Hansı qadın istəyər ki, əri fərsiz olsun? Üstəlik o, aktyordursa, səhnə adamıdırsa, şöhrətini, işığını, dəbdəbəsini arzulayır. Ər alçaldıqca, yumulduqca o qadın da eyni hissləri yaşayır. Amma kişiyə kömək də edə bilmir. Çünki istedad varsa var, yoxdursa, demək yoxdur. Belə olduqda qadın ona yalnız mənən dəstək ola bilər. Həcər də artıq o yaşda deyil. Əslində, nəyisə düzəltmək mərhələsi də çoxdan keçib. Bütün bunları bir xarakterdə cəmləmək, ümumiyyətlə, yeni rejissorla iş mənim üçün maraqlıdır. Çünki burada fərqli baxış var. Baxın, ilk dəfədir ki, pyessiz işləyir, əsəri olduğu kimi danışırıq. Mən onsuz da eksperimentlərə açığam və hər dəfə çalışıram ki, öz üzərimdə yeni üslubları da yoxlayım. Yenilik olanda ikinci bir nəfəs də açılır və bu, aktyorun təkmilləşməsi üçün çox vacibdir. Düzdür, yoruluruq, amma zövq alırıq”.

Yadımda deyil hansı teatrşünas deyib. Amma fikir dəqiq yadımdadır: “Səhnə avtobusa bənzəyir və yaxşı aktyor harada, hansı dayanacaqda düşməli olduğunu bilməlidir”. Yəqin rejissor da səhnə tərtibatında avtobusdan bu prinsipə uyğun olaraq istifadə edib. Hər halda, bunu həm də aktyorların sənət ömürlərinin yollarda, qastrollarda, ev ilə teatr arasında keçməsi ilə əlaqələndirə bilər.

Rejissor Ərşad Ələkbərov əsər seçimi, yeni tamaşası haqqında deyir: “Əsəri böyük məmnuniyyətlə seçdim. Mövzu daim müasir və mənə yaxındır deyə elə də əziyyət çəkmədim. Mövzu, əsas qəhrəman teatr, aktyor olsa da, mən ona bir insan, kişi, ata, ailə başçısı kimi baxdım. Mənə elə gəlir ki, ata rolu çox müqəddəsdir. Əslində, “Dantenin yubileyi” özünə düzgün peşə tapmayan insanın kədərli taleyi haqqında olsa da, burada aktyor, Kəbirlinski bir vasitədir. Müəllif göstərir ki, insan həyatda öz peşəsini düzgün seçməlidir. Seçim düz olmayanda, o, bütün həyatı boyu əziyyət çəkir. Tamaşanın qəhrəmanı Feyzulla Kəbirlinskiyə gəlincə isə o həm də həyatda qalibdir. Sənətdə məğlub olsa da. Çünki seçimi doğru olmayıb. O göstərir ki, biz öz seçimlərimizin əziyyətini çəkirik”.

Akademik teatrın heyətini az-çox tanıdığını deyən rejissor hər aktyoru xüsusi seçdiyini və obrazlarını boylarına biçməyə çalışdığını da əlavə edir. “Müasir teatr canlı musiqini, ifadəni sevir” deyən rejissor fikrini teatrın orkestri, canlı musiqisi olmalıdır prinsipi ilə yekunlaşdırırdı ki, söhbətin uzanmağından darıxan gitara ifaçısı gənc barmaqlarını simlərdə gəzdirərək məşhur italyan ritmini dilləndirir.

Rejissor baş rolun ifaçısına “O yeri bir də keçək, Sabir. Amma ağlamalı yox, bir az kədərli oldu, bəsdir” tapşırığını verib, bizimlə tələsik sağollaşır.

Zaldan çıxanda Kəbirlinskinin “Eh, ay Məcid, qırx ildir teatrda işləyirəm, qarderobşik qədər hörmətim yoxdur. Adam yerinə saymırlar məni, it dəftərində də adım yoxdur. Bir bilet nədir ki, onu da mənə çox gördülər” nidası eşidilir.

Nə deyirsən, əziz tamaşaçı, Feyzullaya bir bilet qıymayan inzibatçının acığına, həm də bütün Kəbirlinskilərin şərəfinə oktyabrda baş tutacaq premyerada görüşəkmi?...

Həmidə Nizamiqızı