Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı yeni mövsümə sentyabrın 22-də M.F.Axundzadənin “Lənkəran xanının vəziri” tamaşası ilə başlayacaq.

Teatrda bu ilin repertuarı üçün nəzərdə tutulan iki səhnə əsərinin – Xalq yazıçısı Elçinin  “Şekspir” (rejissor Həcərxanım Məmmədova) və fransız dramaturqu Jan Batist Molyerin “Skapenin kələkləri” (rejissor Mir Qabil Əkbərov) tamaşalarının məşqlərinə də başlanılıb.

Bundan başqa, gənc rejissor Əlisahib Cəlil Xalq yazıçısı Afaq Məsudun “Qatarın altına atılan qadın” pyesini plandankənar tamaşa kimi hazırlayır.

Hər üç səhnə əsəri ilin sonunadək tamaşaçıların ixtiyarına veriləcək.