Sentyabrın 16-da Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi də yeni mövsümdə tamaşaçılarla görüşüb. Yaradıcı heyət sənətsevərlərin qarşısına “Molla Nəsrəddini tapın” adlı yeni tamaşa ilə çıxıb.
Jalə Novruzun eyniadlı əsəri əsasında səhnəyə qoyulan tamaşanın quruluş müəllifi teatrın baş rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.
Molla Nəsrəddin rolunu Əməkdar artist Teymur Məmmədov, Mollanın arvadı rolunu isə Xalq artisti Şükufə Musayeva ifa edirlər. Digər rolları Rasəf Mehdiyev, Hamlet Qənbərov, Dürdanə Dünyamalıyeva, Təranə Əliyeva, Nihad Heybətov, Mobil Qurbanov, Vüsal Məmmədov, Sevinc Ağayeva, Bahar Həmzəyeva, Gündüz Qasımov və Orxan Abışov canlandırırlar.
Yaradıcı heyət həmçinin Mədəniyyət Nazirliyinin Ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər planı çərçivəsində 20 sentyabrda Masallıda teatrsevərlərlə görüşəcək. Rayon Mədəniyyət Mərkəzində (saat 14:00) Xanımana Əlibəylinin “Dovşanın ad günü” əsərinin tamaşası göstəriləcək.