Və yaxud indi teatr vaxtıdırmı?

 

– Bütöy dünyanı gəzəsən, səndən qəribəsini tapmazsan. Ə camaat nə hayda, sən nə hayda. Gündə qulağımızın dibində min güllə atılır, heç bilmirik sabaha sağ çıxacıyıq, ya yox.  Sən də hara gedirsən bu mütrüb paltarlarını özüynən daşıyırsan. Ə qoxmursan, sabah Şellinin içərisində səni  hoydu-hoyduya salıb biabır edələr? Ə teatr vaxtıdı indi?

– Sən belə şeyləri qanmazsan, yoldaş Mirpaşa. Sənin tüfəngindən çox indi kəndə mədəniyyət lazımdır. Teatr mədəniyyətin birinci pilləsidir.

– Ay bərəkallah. Elə Gəray bəy də oturub qan çanağında iki əlini dirəyib alnına ki, hanı o kor Mədətin oğlu Uzundraz Qasım, gəlsin Peykanlıya mədəniyyət yaysın, yoxsa bağrım çatlar...

Ötən əsrin 20-ci illərinin əvvəlinin qanlı-qadalı olaylarından bəhs edən “Yeddi oğul istərəm” filmindəki bu epizod, yəqin ki, diqqətli tamaşaçıların yaxşı yadındadır. Yüz il sonra bu sənətə münasibətdə fədakarlıq, sənətin fədaisi olmaq eynilə aktualdır...

***

Bu yazıda Azərbaycan peşəkar milli teatrının təşəkkülünün 150-ci ildönümündə milli kinematoqrafiyamızda teatr məsələsinə nəzər salmağa çalışacağıq. Baxıb gördüklərimizlə qısa araşdırmanı üst-üstə toplayanda siyahı o qədər də uzun olmadı.

Hərçənd sənədli və sənədli-bədii qısametrajlı portret filmlərimiz, ümumən teatr sənətinin təmsilçiləri ilə bağlı ekran işlərimiz çoxdur. Amma sırf bədii kinoda teatr mövzulu nümunələr azdır. Odur ki, səhnə, teatr elementləri olan filmləri də gözünə qatmaqla müəyyən təsəvvür yaratmağa çalışdıq.

Bunlardan biri 1970-ci ildə Səməd Vurğunun “Komsomol poeması”nın motivləri əsasında və Azərbaycanda sovetləşmənin 50-ci ilinə ithaf olaraq çəkilən “Yeddi oğul istərəm” filmidir. Tofiq Tağızadənin quruluşçu rejissor, Yusif Səmədoğlunun isə ssenari müəllifi olduğu filmdə Novruz bayramının meydan teatrı elementləri ilə yanaşı, milli teatr məsələsi də var. Mirpaşanın (Elçin Məmmədov) Qasımla (Əbdül Mahmudbəyov) dialoqu teatr yaratmaq, xalqı bu yolla maarifləndirmək istəyən bir gəncin işıqlı arzularının ifadəsidir.

Filmdəki yeddi oğuldan birinin aktyor, fədai, həvəskar səhnə aşiqi seçilməsi təsadüfi deyildi. Mirpaşa ilə əks qütbün insanı olan, onunla heç vaxt yola getməyən, öləndə isə onun yanında basdırılmasını istəyən Qasım ümumən maraqlı bir obrazdır. Ən böyük arzusu səhnədə “Ölülər” pyesindəki Kefli İsgəndəri oynamaqdır, eyni zamanda teatrın, sənətin kəndlərdə yayılması istəyi ilə yaşayır. Onun “Mədəniyyət, bax gördüyün bu qara camaata lazımdır” sözləri bütün zamanlar üçün aktual olan şüar kimi səslənir.

***

Teatr, qadınların səhnəyə gəlişindəki məhrumiyyətlər, xurafatın yaratdığı əngəllər “Qanun naminə” filmində (quruluşçu rejissor Muxtar Dadaşov) gözə çarpır. Gözəl, cazibədar, istedadlı Balış (Janna Smelyanskaya) teatra vurğundur və bu böyük arzusunun arxasınca getməkdən qorxmur. Amma kənddəki bir çox həmcinslərinin tənə ünvanıdır. Onu görən kimi “Bir bax-bir bax, üzündə həya-abır qalmayıb. Abrımız töküldü” kimi atmacalar atırlar. Balış bunların hamısını eşidir, diqqət yetirmir, kluba, tamaşanın məşqinə tələsir... Amma irəlidə onu acı son (qısqanc ərinin əlindən ölüm) gözləyir...

***

Müqayisə aparsaq, bütünlükdə teatr və onun emosional təsir gücü haqqında ən mükəmməl ekran işi, sözsüz ki, “Dantenin yubileyi”dir. Yazıçı Anarın öz ssenarisi əsasında rejissor Gülbəniz Əzimzadə ilə birgə quruluş verdiyi film (1978) teatrı müqəddəs sayan, ona ömrünü həsr edən aktyorun timsalında ümumən sənətə məhəbbət haqqında poetik etirafdır. Qocaman aktyor Kəbirlinski (Həsənağa Turabov) tamaşalarda ancaq epizodik rollar oynayır. İstedadı olmasa da, teatra qəlbən bağlı adamdır. Həmkarları daim onunla zarafatlaşır, bəzən də sataşırlar.

Uzun illər səhnədə olmasına rəğmən heç nə qazanmayıb. Ailəsində də, işində də uğursuz sayıla bilər. Amma bütün bunlara inad o, əslində, teatra lazım olan, onu qəlbən sevən və heç vaxt səhnəyə xəyanət etməyən aktyordur. Filmi müəlliflərin aktyorluq sənətinə olan ehtiramlarının ekran ifadəsi də saymaq olar.

Filmdə yer alan əhəmiyyətli mövzulardan biri də teatr mühitinin daim aktual, həll olunmamış problemlərinə işıq salınmasıdır. Gənc tənqidçi Yalçın qoca aktyor Kəbirlinsikinin timsalında daim cavabı axtarılan suallar verir.

Əsas kadrları iki teatrda – Akademik Milli Dram və Dövlət Kukla teatrlarının binalarında çəkilən filmin diqqətçəkən cəhətlərindən biri də dövrün tanınmış mədəniyyət simalarının epizodlarda rol almasıdır. Bu kadrlarda yazıçılar Anar və Elçin, rejissorlar Bəxtiyar Xanızadə, Vaqif İbrahimoğlu, Eldar Quliyev, bəstəkar Emin Sabitoğlu, rəssam Toğrul Nərimanbəyov, eləcə də digər mədəniyyət xadimlərini görürük.

***

“Qorxma, mən səninləyəm!” (1981) filmi də teatrın, xüsusən səhnədə milli aktrisaların olmadığı və bu üzdən fədakar aktyorların qadın rollarını da oynadığı məhrumiyyət və qadağalarla dolu dövrün təsviri baxımından maraqlı nümunədir. Teatrda qadın rollarını oynayan Teymur (Polad Bülbüloğlu) sevdiyi qıza qovuşmaq, necə deyərlər, öz gücünü təsdiq etmək üçün də sənətin gücünə arxalanmalı olur. Sirk artisti, əslində, ona düşməni kimi təqdim olunan Rüstəm (Muxtarbəy Kantemirov) və onun dostu San Sanıçla (Lev Durov) birgə bütün maneələri dəf edə bilir.

Bu filmin janrını dəqiq təyin etmək çətindir. Burada musiqi də, gözəl mahnılar da var, sərgüzəştlər, gözlənilməz, qeyri-adi hadisələr də. Amma filmin ən maraqlı cəhəti dövrün qoçusundan ziyalısınadək sənətə olan münasibətin göstəricisidir.

***

Teatr və kino, küll halında sənətin insan psixologiyasına təsiri barədə fərqli baxış sərgiləyən rejissorlarımızdan biri də Xalq artisti Oqtay Mirqasımovdur. Özünün üç filmində – “Gümüşü furqon”, “Ovsunçu” və “Günaydın, mələyim!”də ayrı-ayrı qəhrəmanların timsalında teatr, səhnə, yaradıcılıq və onun fərdlərin taleyinə təsirinə özünəməxsus baxışını sərgiləyir.

Məsələn, “Gümüşü furqon”da (1982) biz kövrək hisslər və saf duyğularla zəngin Mədinəni (Həmidə Ömərova) və onun taleyinə təsir edən gənc artisti görürük. Mədinəgilin kəndlərinə gümüşü sirk furqonunda gələn mehriban oğlan Rəsul (Məmməd Məmmədov) uğursuz taleli bu gənc qadına saf məhəbbət hissləri bəxş edir. Onun təmsilçisi olduğu sənət hisslərini büruzə verməkdə mükəmməl vasitəyə çevrilir.

Rejissorun sirk elemetlərindən istifadə ilə ekran həlli verdiyi “Ovsunçu” filmində (2002) ötən əsrin 20-ci illərdə Azərbaycanda sovet hakimiyyəti qurulması zamanı baş verən hadisələrdən, bu hadisələrin xalqımızın mənəviyyatına göstərdiyi təsirdən, totalitarizm təfəkkürünün yerli camaatın beyninə zorakılıqla yeridilməsindən danışılır. Filmdə sirk qrupundakı musiqiçilərdən birini (akkordeonçalan) rejissor özü oynayır.

“Günaydın, mələyim!” kinodramında (2008) bir qadın aktrisanın timsalında teatr məsələsi nəzərə çarpır. Sözsüz ki, müəyyən hadisələr fonunda. Filmdə çoxqatlı konflikt quran rejissor  bununla cəmiyyətin aktual problemlərini əhatə etməyə çalışır. Əri müharibədə həlak olan və oğlu ilə tək qalan Mədinə (Ayan Mir-Qasım) aktrisadır. Mövcud şərtlər onu hər yerdə mübarizəyə məcbur edir. Rəsmi nikahı olmadığına görə sosial müavinət ala bilmir, bürokratik əngəllərə qarşı müqavimət göstərir. Bu kimi süni əngəllərlə çalışdığı teatrda da qarşılaşır. Rol bölgüsündən səhnəarxası dedi-qodularadək teatr intriqalarına, pərdəarxası məqamlara da qısa keçidlər vasitəsilə filmdə Mədinənin timsalında bir aktrisanın yaşantılarına da eyhamlar vurulur.

***

“Üzeyir ömrü” filmində (1981) dahi bəstəkar, professional musiqimizin banisi Üzeyir Hacıbəylinin həyat yolu fonunda milli teatrın formalaşması, opera sənətimizin yaranması və s. özünəməxsus yer tutur. Xalq yazıçısı Anarın ssenari və quruluş müəllifi olduğu film Üzeyir bəyin həyat yoluna bədii-publisistik baxış olmaqla yanaşı, həm də dövrün səhnə mənzərəsini verən qiymətli ekran işidir.

Anarın ssenarisi əsasında rejissoru Ramiz Həsənoğlunun çəkdiyi “Cavid ömrü” filmi də (2007) bu qəbildən dəyərli nümunə sayıla bilər. Hüseyn Cavidin həyatını və çəkdiyi məşəqqətləri ön planda təqdim edən filmdə mədəniyyət, sənət, teatr, ədəbiyyat və bu sayədə bəşəri xilasa çağırışlar var. Filmin əsas qayəsi xilasın yolu və onun həm də maariflənmə və mədəniyyətdən keçməsinin kütləvi dərkidir.

***

“Qəzəlxan” filmində (1991, ssenari müəllifi və rejissor Şahmar Ələkbərov) də teatr, səhnə mövzusuna toxunulub. Böyük qəzəlxan şair Əliağa Vahidin həyatı və yaradıcılığından bəhs edən filmdə ümumi süjet xətti yoxdur. Buna baxmayaraq, şairin həyatı xronoloji ardıcıllıqla izlənilir. Filmin maraqlı səhnələrindən biri də Leyli ilə (Nübar Novruzova) Əliağa Vahidin (Loğman Kərimov) münaqişəsidir. Aktyor truppası ilə rayona səfər edən Leylinin kolxoz sədri (Muxtar Maniyev) ilə münasibətinə Vahidin etirazı və aktrisanı daş-qalaq etməsi filmdə təsirli səhnələrdəndir.

***

Bir sıra filmlərdə biz həm də teatrlaşdırılmış, daha doğrusu, kinematoqrafiyanın imkan verdiyi qədər teatr elementlərindən istifadəni görürük. Elə götürək “Bəyin oğurlanması” filmindəki Eldəniz Zeynalov, Yaşar Nuri, Ramiz Əzizbəyli və Şamil Süleymanovun iştirakı ilə çəkilən məşhur klub səhnəsini.

Bu məqam – yəni kinokadrda tamaşa elementi “Evlənmək istəyirəm”, “Əhməd haradadır?”, “Sevil” film-operası, “Onun bəlalı sevgisi”, “Qayınana”, “Dərviş Parisi partladır” (meydan tamaşası səhnəsi), “Çölçü” (kukla teatrı elementləri) kimi filmlərdə də nəzərə çarpır.

Xüsusilə sovet dövrü filmlərində bu qəbildən klub, konsert-tamaşa səhnələri xarakterik idi. Sözsüz ki, həmin filmlərdə ideoloji məqsəd, kinodan təbliğat vasitəsi kimi istifadə aydın idi. Bu mənada  “Möcüzələr adası”, “Bəxtiyar”, “Əmək və qızılgül” filmlərini xüsusilə qeyd edə bilərik.

Müasir kinomuzdan 2011-ci ildə ekranlara çıxan və sırf baş rol ifaçısına (Xalq artisti Fuad Poladov) görə diqqəti cəlb edən “Aktrisa” filmini qeyd edə bilərik. Kriminal-dram janrında filmdə bir-birinin ardınca törədilmiş üç qətl hadisəsindən bəhs edilir. Qətlə yetirilən qadın Alesa Kaçer (Lalə Fətəliyeva) aktrisadır və film boyu biz onun oyun məharətini fərqli vəziyyətlərdə xatırlayırıq.

Nümunələr sırasında “Gecikmə” bədii-sənədli filmi (2017) də var. Filmin qəhrəmanı Ağdam teatrının aktrisası, ən böyük arzusu fəxri ad almaq olan Fəqumə Yusifovadır. Biz onunla ilk olaraq məişət həyatında tanış oluruq. Bu minvalla onun timsalında əyalətdə sənət ilə məşğul olmağın necə ağır bir iş olduğuna şahidlik edirik.

Rejissor İlqar Nəcəfin “Teatral həyat” filmi (2009) də maraqlı nümunələrdəndir. Filmdə  hadisələr Sovet İttifaqı dağılandan sonrakı illərə təsadüf edir. Filmin qəhrəmanı əyalət teatrlarından birinin aktyorudur.

***

...Hamletin monoloqunu xatırlamaq kimi olmasın, amma teatrın məşhur seçim qarşısında qaldığı vaxtlardan bu yana bu sahə və onun təmsilçiləri ilə kino sənayesi arasında daim qəribə bir rəqabət olub. Hətta teatrın bir çox məsələlərdə kinoya uduzduğu deyilsə də, təbii və canlı sənət kimi teatr daim öz ənənəvi yerindədir. Deməli, bizə hər zaman teatr lazımdır...

Həmidə Nizamiqızı