Azərbaycan Aşıqlar Birliyi (AAB) tərəfindən hazırlanmış “Aşıq, bağrına bas sədəfli sazı” adlı antoloji nəşr işıq üzü görüb.
Oxucular topluda aşıqların və yazılı ədəbiyyat nümayəndələrinin saza və aşıq sənətinə, eləcə də bu sənətin azmanları – ustad aşıqlara həsr etdikləri şeir və poemaları ilə tanış ola biləcəklər. “Dədə Qorqud” boylarında, aşıq dastanlarında, Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Hüseyn Şəmkirli, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Şenlik, Molla Cuma, Hüseyn Bozalqanlı, Nəbi Faxralı, Aşıq Şəmşir, Hüseyn Saraçlı, Mikayıl Azaflı, Ədalət Nəsibov kimi görkəmli sənətkarların saza və aşığa həsr etdikləri şeirlərlə yanaşı, sonrakı dönəmdə onların özlərinə həsr edilmiş çoxsaylı şeirlər də topluda geniş yer alıb.
Antologiyada həmçinin saza-sözə böyük məhəbbəti olan görkəmli qələm ustadlarımızın, xüsusən də Osman Sarıvəlli, Hüseyn Arif və Zəlimxan Yaqub kimi Xalq şairləri və digər böyük söz ustadlarının şeirləri ilə yanaşı, ustad aşıqlara, onların saz-söz dünyasına həsr etdikləri poemalarından parçalar da verilib.
Kitabda aşıq sənəti və saza, eləcə də sazbəndlik və usta sazbəndlərə həsr olunmuş şeirlərlə yanaşı, aşıq və şairlərin saz havalarına həsr etdikləri qoşma və gəraylıların da mühüm bir qismi yer alıb.
“Aşıq, bağrına bas sədəfli sazı” saz və aşıq obrazına həsr olunmuş ilk antoloji nəşr işi kimi qopuza-saza verilən dəyər, eləcə də aşıq sənətinin bədii-estetik və fəlsəfi mahiyyətini görkəmli şair və aşıqların dilindən təqdim edən bir qədirşünaslıq örnəyidir.
Toplunun elmi məsləhətçisi AAB-nin sədri, Dövlət mükafatı laureatı, professor Məhərrəm Qasımlı, hazırlayanları M.Qasımlı, filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədli, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır.