Mədəniyyət Nazirliyi Ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində regionlara təşkil olunan qastrol səfərlərini davam etdirir.

Qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.

Layihə çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Qarabağnamə” tamaşası ilə Şəki Dövlət Dram Teatrında çıxış edib.

Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədov, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Həmid Kazımzadədir.

Rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Əli Nurzadə, Əməkdar artistlər Elşən Rüstəmov, Məsmə Ağaverdiyeva, Kazım Həsənquliyev, Elxan Quliyev, Elşən Cəbrayılov, Elnar Qarayev, Əminə Babayeva, aktyorlar İlyas Əhmədov, Ramin Şıxəliyev, Ləman İmanova, Cavidan Novruz, Firuzə Balayeva, Nəzrin Abdullayeva, Məhsəti Tahirzadə, Elsevər Rəhimov və Tural İbrahimov ifa edib.

Tamaşada Xalq artistləri Vasif Adıgözəlov və Polad Bülbüloğlu əsərlərindən istifadə olunub.

N.Məmmədli