Bölgələrdəki mədəniyyət müəssisələrində 27 sentyabr – Anım Günü münasibətilə müxtəlif tədbirlər keçirilib.

Gəncə şəhər Heydər Əliyev Mərkəzi və şəhər MKS-nin 16 nömrəli kitabxana filialı şəhid leytenant Erkin Hüseynovun ailəsi ilə görüş keçirib. Çıxış edənlər şəhidin həyatı və döyüş yolu haqqında danışıblar. Sonra Gəncə şəhər 17 saylı tam orta məktəbinin şagirdləri Vətən haqqında şeirlər söyləyiblər. Sonda “Gəncənin şəhid leytenantı Erkin Hüseynov” adlı videoçarx nümayiş etdirilib.

Samux rayon MKS-nin Mərkəzi Kitabxanasında Anım Günü ilə bağlı tədbir təşkil edilib. Çıxışlarda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canlarını qurban verən şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb.

Goranboy rayon Mədəniyyət Mərkəzinin Qaraçinar kənd Mədəniyyət evində “Şəhidlər unudulmur” adlı tədbir keçirilib. Çıxış edənlər Ordumuzun rəşadəti sayəsində torpaqlarımızın Ermənistanın işğalından azad edilməsinin və uzun illər davam etmiş bu ədalətsizliyə son qoyulmasının xalqımızın tarixinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq salnaməsi olduğunu deyiblər. Sonra vətənpərvərlik mövzusunda musiqilər və şeirlər səsləndirilib.

***

Astara rayon Heydər Əliyev Mərkəzi və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi Astara rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə keçirilən anım tədbirində Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətin dünya hərb tarixinə yazıldığı vurğulanıb. Sonda tədbir iştirakçıları rayon Heydər Əliyev Mərkəzindəki rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxıblar.

Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə Lənkəran-Astara RMİ-nin rəisi Bəxtiyar Qılıncov qeyd edib ki, uğurlu “Dəmir yumruq” əməliyyatı Ordumuzun misilsiz qəhrəmanlığı ilə yanaşı, xalqımızın arxa cəbhədəki fədakarlığını da dünyaya nümayiş etdirib. Tədbirdə Masallı Xalq teatrının həvəskar aktyorları, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin iştirakı ilə Anım Gününə həsr olunan “Torpaq məni gözləyir” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Yardımlı rayon Heydər Əliyev Mərkəzində “Yenilməz xalqın qəhrəman oğulları” mövzusunda tədbir təşkil olunub. Çıxışlarda unudulmayan tariximizə çevrilən Vətən müharibəsində Ordumuzun göstərdiyi əvəzsiz qəhrəmanlıqlardan söz açılıb. Sonda şagirdlərin mövzu ilə bağlı fikirləri dinlənilib, Anım Gününə həsr olunan sərgiyə baxış keçirilib.

***

Quba-Xaçmaz RMİ və Gənclərin İnkişaf və Karyera Mərkəzi Quba-Xaçmaz regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Zəfərə gedən yolda tarix yazanlar” mövzusunda tədbir keçirilib. Quba rayon Heydər Əliyev Mərkəzində gerçəkləşən tədbirdə bildirilib ki, Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsindən az sonra ölkəmizdə Anım Gününün təsis edilməsi haqqında dövlət başçısı tərəfindən sərəncam imzalanması şəhidlərimizin xatirəsinə sonsuz ehtiramın bariz nümunəsidir. Sonda Anım Gününə həsr edilmiş film nümayiş olunub.

***

Laçın rayon MKS-nin direktoru Ofelya Şükürova və Laçın 2 saylı şəhər kitabxana filialının əməkdaşları tərəfindən 44 günlük Vətən müharibəsi şəhidi Elnur Cabbarovun ailəsi ziyarət edilib.

Əslən Laçın rayonundan olan Elnur Cabbarov 1994-cü il sentyabrın 15-də Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində anadan olub. Burada təsis edilən məktəbdə təhsil alıb. Hərbi xidmətdən sonra FHN-in Xəzər rayonunda yerləşən hərbi hissəsində xidmətə başlayıb. Vətən müharibəsi zamanı noyabrın 5-də Şuşa uğrunda döyüşlərdə öz həyatını təhlükəyə ataraq, yaralı yoldaşlarını xilas edərkən ağır xəsarət alıb və bir həftə sonra şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, Cəbrayıl, Füzuli və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.

***

Ordubad rayon Mədəniyyət Sarayında “Tusi” Xeyriyyə Cəmiyyəti idarə heyətinin sədri Yəhya Babanlının Vətən müharibəsində şəhadət zirvəsinə ucalan qəhrəmanlara həsr olunan “Ordubadın Zəfər zirvəsi” adlı kitabının təqdimatı keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun şücaəti ilə 30 illik erməni işğalına son qoyulmasından danışıb.

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli, Əməkdar müəllim Könül İsmayılova və müəllif Yəhya Babanlının çıxışları dinlənilib.

Nurəddin Məmmədli