Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solistləri Aydan Həsənova və Emin Zeynallı Qazaxıstanın Karaqanda şəhərində keçirilən “DosStar” XII Açıq Operetta və Müzikl Festivalının qala-konsertində iştirak ediblər. Onlar Musiqili Teatrın repertuarından “Arşın mal alan” (Ü.Hacıbəyli) və “Paris Notr-Dama ithaf” (V.Hüqo, səhnələşdirən S.Qulamov) tamaşalarından parçalar səsləndiriblər.
İfaçıların çıxışı rəğbətlə qarşılanıb. Təşkilatçılar tərəfindən hər iki artistə diplom təqdim olunub.
Xatırladaq ki, Akademik Musiqili Teatr sentyabr ayı ərzində daha iki festivalda təmsil olunub.
Belarusda keçirilən XXVII “Belaya veja” Beynəlxalq Teatr Festivalında Əməkdar artist Şövqi Hüseynov “Utancaq qız” (F.Dostoyevski, quruluşçu rejissor: C.Səlimova) mono-tamaşasını təqdim edib.
Aktyorlar Nicat Əli və Nərmin Əliyeva isə Qazaxıstanda keçirilən “TeART-Kokşe – 2023” Beynəlxalq Teatr Festivalı çərçivəsində Rusiya Dövlət Teatr Sənəti Akademiyasının (ГИТИС) təcrübəli müəllimlərinin ustad dərslərinə qatılıblar.
Bundan əlavə, teatrın solisti Eleonora Mustafayeva TÜRKSOY-un 30 illiyi ilə əlaqədar Özbəkistanın Fərqanə vilayətində təşkil olunan XXIV Türk Dünyası Opera Günlərində ölkəmizi təmsil edib.