Astara rayonu Toradi kənd klubunda gildən hazırlanan qədim tütək qorunur. Qazıntılar zamanı tapılan bu alət klubda toplanan 200-dən çox eksponat sırasında yer alıb. Uzunluğu 6 santimetrə yaxındır. İlk baxışdan müasir tütəklərdən fərqlənsə də, ifa zamanı bu alət yenilərindən geri qalmır.
Tarixçi Ağarəhim Abdulov bildirib ki, qədim gil tütək bir neçə min il əvvələ aiddir. Ön tərəfində bir, arxa tərəfində isə iki deşik var. Bu deşiklər vasitəsilə səsləri idarə etmək olur. Müasir zurna, balaban və tütəkdən fərqi onun ikinci notunun olmasıdır. Bu da ifa zamanı bəzi çətinliklər yaradır.
Toradi kənd klubunun müdiri Surəddin Əliyev deyib ki, klubda qədimliyi ilə seçilən, müxtəlif dövrlərə aid qoç fiqurları, gildən hazırlanmış su boruları, müxtəlif saxsı qablar da qorunub saxlanılır. Bu eksponatların arasında ən diqqət çəkəni isə gil tütəkdir. Bu qədim tütəkdən cənub bölgəsində üç rayonda tapılıb.
N.Məmmədli