“Qonaq teatr” layihəsində paytaxt səhnəsində
Azərbaycan Teatr Xadimləri İttifaqı (ATXİ) və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Qonaq teatr” layihəsi davam edir. Sentyabrın 25-də Qazax Dövlət Dram Teatrının təmsilçiləri ATXİ-nin əsas səhnəsində həm 85 illik yubileylərini qeyd etdilər, həm də “İnan mənə” adlı yeni tamaşa ilə izləyicilərin qarşısına çıxdılar.
Nümayişdən əvvəl ATXİ sədrinin vəzifə səlahiyyətlərini icra edən Xalq artisti Hacı İsmayılov “Qonaq teatr” layihəsi haqqında məlumat verdi, yaradıcı heyətə uğurlar arzuladı.
Sonra səhnə qonaq kollektivin ixtiyarına verildi.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ərsəyə gətirilən tamaşa Əməkdar incəsənət xadimi, yazıçı Ağalar İdrisoğlunun eyniadlı pyesi əsasında Əməkdar artist Xəzər Gəncəlinin quruluşunda hazırlanıb. Birhissəli psixoloji dramın quruluşçu rəssamı Səyyad Məmmədov, musiqi tərtibatçısı Vahid Bayramovdur. Tamaşada aktyorlar Yusif Qoca, Zəmanə Dərviş, Minayə İbrahimova, Nazilə Məmmədova, Aydın Orucov, Elşad Əliyev, Sərdar Rüstəm və Əhməd Musayev çıxış edirlər.
Tamaşanın mövzusu da, təqdimat üsulu da, aktyorların oyun tərzi də bizi keçmişə – sovet rejiminin dağıldığı, ölkədə hərc-mərcliyin baş alıb getdiyi bir vaxta aparır. Əslində, o dönəmdə yazılan əsər həmin dövrün konfliktlərini özündə əks etdirir. Hadisələr haqsızlıqlara dözməyib köməksiz insanlara dəstək olan, rüşvətxor və cinayətkarlarla mübarizə aparan jurnalist Elçin Poladlının ətrafında baş verir. O, həmişə haqlının tərəfində durur, ədalətin bərpa olunması naminə var gücü ilə çalışır. Elçinin azyaşlı oğlu Emin xəstədir və təcili əməliyyat olunmalıdır. Üstəlik, ev-eşiyi də yoxdur. Kirayədə min cür əzab-əziyyətə qatlaşan sadə vətəndaşdır. Onun bir də bu vəziyyətlə barışmayan deyingən həyat yoldaşı Aysel var. O gah dəbdəbəli yaşamaq, firavan dolanmaq istəyir, gah da oğlu Emini qısa zamanda sağaltmaq üçün ərinə təzyiqlər edir. O, heç cür rahatlıq tapmır. Çünki ərinin bəzi həmkarları daha yaxşı yaşayıb arvadlarını yağ-bal içində “üzdürürlər”.
Bundan başqa, onların bir də dəllal elmi işçi ev sahibələri – Ayselin xalası Yasəmən var. Onun da istəyi illərdir müdafiə edə bilmədiyi elmi işini “azad sözü” boğaraq qəbul elətdirməkdir. Bir də bütün söhbətlərin nöqtəsini qoymaq üçün zühur edən özəl klinika sahibi Professor Əmirov da var... Yəni tamaşa başlayandan ortada kriminal söhbətlər, haqq-hesablar, çarpışmalar, qara-qura işlər boy verir. Hamısının da istəyi Elçini ram etmək, susdurmaq, məqalələrini yumşaltmaq, araşdırmalarına mane olmaqdır.
Səhnə işi dinamika ilə başlayır. Hələ pərdə açılmasa da, biz səhnənin sağ tərəfindən əlində diplomat sürətlə yeriyən uzunboy, plaşlı gənc oğlanı görürük. Birdən sol tərəfdən də üç nəfər onun üstünə şığıyıb əzişdirməyə başlayır. Bundan sonra pərdə açılır və biz vahid məkanı – jurnalistin kirayə yaşadığı mənzili görürük...
İşıq və səhnə tərtibatından nə danışaq, necə danışaq... Sadəcə, onu deməyi borc bilirəm ki, qaradan tünd rəng olmadığından yeganə çıxış yolu çalarlarla ona nəsə qatmaqdır. Qısacası, tamaşada səhnə tərtibatından danışmaq mümkün deyil.
Aktyor oyununa gəlincə, əsasən həvəskarlardan ibarət heyətdə oyun texnikası və aktyorlarla iş yetərli deyildi. Amma onlar əllərindən gələni etməyə çalışdılar. Sevindirici məqam o idi ki, truppa sərbəst, həyəcansız və tempi aşağı salmadan öz missiyasını icra etdi.
Onsuz da publisistikanın ağır basdığı mətndə aktyorlar bacardıqca replikalarını yerində deməyə çalışırdılar. Sadəcə, arabir yersiz qışqırıqlar və bütün zalın eşitməsi üçün emosional hal dəyişimindən asılı olmayaraq bir xətt üzrə gedən danışıq üslubu maneələr yaradırdı.
Tamaşa boyu biz bir məkanda baş verən hadisələrin sonunda ekranı və oradan Ümummilli liderin hakimiyyətə qayıdışı ilə bağlı kadrları görür, onun qurtuluşumuza və inkişafımıza əminlik yaradan çıxışlarından məqamları alqışlayırıq. Beləcə, səhnə işi xeyirin şər üzərində qələbəsinə yenidən əminliklə başa çatır. Jurnalist də, onun ailəsi də, nəticədə bütün cəmiyyət də xilas olur.
Əsas ideyanın kino elementi ilə çatdırılmasına cəhd olan bu üsuldan əvvəlki səhnələrdə, daha doğrusu, mizanlararası keçidlərdə istifadə yerinə düşərdi. Belə olmadığından sual yaranır: tamaşa quruluşçuları ümumi dramaturji xəttə xidmət edə biləcək bu imkandan – yəni ekrandan niyə yalnız son anda istifadə edirlər?!
...Nümayişin ardınca yaradıcı heyətdən rejissor Xəzər Gəncəli tamaşaya verdiyi quruluşa görə, dramaturq Ağalar İdrisoğlu ölkə teatrları ilə uğurlu əməkdaşlığa görə, teatrın aktyoru Aydın Orucov isə 60 illik yubileyi münasibətilə ATXİ-nin fəxri fərmanı ilə təltif olundular.
Həmidə Nizamiqızı