“Qaratoxmaq qadın”ın qayıdışı da deyə bilərik
Əslində, bütün vəsflərdən, təsvirlərdən, metaforalardan öncə rəng fiziki hadisədir. Elmdə onun təxmini tərifi belədir: rəng bir sıra fiziki, fizioloji, psixoloji amillərdən asılı olan optik diapazonun elektromaqnit şüalanmasının subyektiv keyfiyyət xüsusiyyətidir. Yəni, çox qəliz bir anlayış. Geniş kütlə üçün isə sadalanan amillərdən biri daha doğmadır: psixoloji. Elə bu psixoloji amildir ki, çox vaxt həyat eşqi, gənclik yaşıl rənglə assosiasiya olunur. Amma…
Amma və lakin ki, qumarxana masaları da yaşıl rəngdədir. Çünki pul və zənginlik də yaşıl rənglə assosiasiya olunur.
Burada da, yəni səhnədə hər şey yaşıl rəngin hökmranlığı altındadır. Hətta səhnə rampasının arxasında sağdan-soldan yuxarı ştangetlərə bərkidilmiş yaşıl rəngli parçadan möhkəm konstruksiya salonda əyləşənlərdə yelləncək assosiasiyası yaradır. Bu duyum isə əsərin ruhuna – qumar həvəsinin məhv etdiyi əsas qəhrəmanların həyat çabalarına tam uyğun gəlir...
Söhbət Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının bu mövsümdə təqdim etdiyi yeni tamaşadan – P.İ.Çaykovskinin “Qaratoxmaq qadın” operasından gedir. Teatrın binası təmirə bağlandığından əsər oktyabrın 1-də Bakı Musiqi Akademiyasının (BMA) nəzdindəki Opera studiyasının səhnəsində oynanıldı.
Bu yerdəcə haşiyə çıxaq ki, 2019-cu ildə “Qaratoxmaq qadın” Opera studiyasında tamaşaya qoyulmuşdu. Həştərxan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Aleksey Smirnovun quruluş verdiyi tamaşada BMA-nın müəllim və tələbələri çıxış etmişdilər. Səhnə tərtibatını Sankt-Peterburq Mariinski Teatrının rəssamı Yelena Bodrova vermişdi. Bu dəfə, adını çəkdiyimiz dəvətli sənətçilərlə yanaşı, teatrın baş dirijoru Əməkdar artist Əyyub Quliyev (tamaşanın musiqi rəhbəri və dirijoru), Əməkdar incəsənət xadimi Sevil Hacıyeva (xormeyster), Əməkdar mədəniyyət işçisi Tehran Babayev (icraçı rəssam), Xalq artisti Mədinə Əliyeva (xoreoqraf) “Qaratoxmaq qadın”ın ərsəyə gəlməsində əmək sərf ediblər.
Tamaşanın musiqi cəhətdən həlli, orkestrin, ayrı-ayrı vokalçıların dirijorla tam anlaşıqlı fəaliyyəti, həmişəki kimi xorun sığallı ifası tamaşaçılara Çaykovskinin bitkin musiqisindən tam zövq almaq fürsəti yaratdı.
“Qaratoxmaq qadın” operası “Yevgeni Onegin” və “Mazepa”dan sonra bəstəkarın A.S.Puşkinin mətninə bəstələdiyi üçüncü operadır. İlk iki əsərdən fərqli olaraq, bu operanın librettosu (müəllif bəstəkarın kiçik qardaşı, dramaturq Modest Çaykovskidir) Puşkinin eyniadlı povestindən həm süjet xəttinin inkişafı, həm də qəhrəmanların xarakteristikasına görə fərqlənir. Operada German Lizaya doğrudan da aşiqdir, Liza da qoca Qrafinyanın yoxsul qohumu yox, onun nəvəsi, yeganə zəngin varisidir. Povestdən fərqli olaraq, Liza zavallı gənc qız yox, Germana bəslədiyi məhəbbətin xətrinə cəmiyyətdəki mövqeyini qurban verməyə hazır, knyaz Yeletski ilə deyikli münasibətinə son qoymağı bacaran güclü xarakter sahibidir.
Əməkdar artist Fəridə Məmmədovanın Lizası da librettodan irəli gələn və musiqinin gücləndirdiyi hisslərin tam təcəssümü idi. O, Lizanın partiyasını oxumadı, qəlbən yaşadı; Qrafinyanın ölümünə bais olan Germana görüş təyin edərkən obrazın xarakterini açan “Ax, istomilas ya qorem” (Eh, dərd məni tamam üzdü) ariozasının ifasından sonra salonun alqışlarını qazandı.
İş belə gətirib ki, məşhur dünya operalarında nisbətən yaşlı qadın partiyaları demək olar ki, yoxdur. Bir istisna varsa, o da “Qaratoxmaq qadın” operasındakı Qrafinyadır. Metso-soprano səs üçün yazılmış bu partiyanı indiyədək nisbətən daha yaşlı çağında ifa edən görkəmli rus vokalçısı Yelena Obraztsova olub. Maraqlıdır ki, operanın uvertürası çalınarkən pərdə açıldıqdan sonra səhnənin arxa divarında qumarxana təsvirini verən videoinstalyasiyada bir anlıq Yelena Obraztsovanın Qrafinya qılafında siması görünür. Bizim tamaşada isə Qrafinya alışdığımız dəbdəbəli saç düzümündə, bər-bəzəkli kriolinlə səhnəyə çıxmır. Xalq artisti Fidan Hacıyeva tünd və daha sadə qiyafədə, onu amansızcasına qocaldan qrimlə səhnəyə çıxır.
“Ax, postıl mne etot svet” (Bu cəmiyyət məni bezdirdi) ariyasını inamla ifa edən, təsəvvürümüzdə 150 il öncəki əhvalatlardan bəhs edən kostyum dramı janrından uzaq olan bizim Qrafinyanın görkəmi ariyadakı ovqatı tamamlayır.
Polina (Əməkdar artist Səbinə Əsədova), knyaz Yeletski (Mahir Tağızadə), Surin (Xalq artisti Əkrəm Poladov), Çekalinski (Əməkdar artist Tural Ağasıyev) və qraf Tomski, Zlatoqor (Yefim Zavalnı) əsərdə, nəzərdə tutulduğu kimi, ayrıca ariya ifa etməsələr də, tamaşanın uğuru bu ifaçılarsız mümkün olmazdı. Kollektiv demişkən, teatrın xor kapellasının nizamlı, yeksəsli ifası, yığcam balet qrupunun zərif krujevanı xatırladan rəqsləri, orkestrin qüsursuz çıxışı, nəinki tamaşanı vahid süjet xəttində birləşdirdi, həm də onlarla məşğul olan xormeyster və xoreoqrafın ciddi və düşünülmüş çalışmasının nəticəsi idi.
“German mənim bu və ya digər musiqini bəstələmək səbəbim yox, əsər üzərində çalışdığım bütün müddətdə rəğbət bəslədiyim canlı insan idi. Mən “Qaratoxmaq qadın”ı məhz sevgiylə yazmışdım. Aman Tanrım, dünən yazıq Germanın vida mərasimində mən necə ağlamışdım!...”. Bu etiraf bəstəkarın 1890-cı il martın 3-də qardaşı Modestə yazdığı məktubdandır.
Qumarxanaya gedib əlinə bircə kart almadan saatlarla oyunçulara tamaşa edən, ilk baxışdan aşiq olduğu qızın adını və kim olduğunu bilmədən havalı kimi gəzən German (Əməkdar artist Fərid Əliyev) dostları ilə görüşdə sevdiyi qıza knyaz Yeletskinin elçi düşdüyünü, həmin qızın da zəngin qrafinyanın yeganə varisi olduğunu öyrənir. Qraf Tomski isə kübar cəmiyyətdə qoca Qrafinyanın cavanlıqda Parisdə uduzduğu bütün sərvətini uğur gətirən üç kartın sirrini öyrənməklə geri qaytarması barədə dolaşan lətifəni danışır. Germanın daxilində varlanmaq arzusu ilə Lizaya qovuşmaq (bəlkə də Lizaya qovuşmaq üçün varlanmaq arzusu?) istəkləri ağlasığmaz ehtirasa çevrilir.
Adətən, dram tamaşalarında belə bəzi aktyorlar özlərini əziyyətə salıb obrazı vizual tamamlayacaq ştrixlərə fikir vermirlər, baxışları, üz ifadəsini cilalamırlar. Çünki tamaşa salonundan səhnəyə baxanda belə xırdalıqlar guya görünmür. Nəzərə alaq ki, musiqili teatrda səhnəni salondan həm də orkestr çökəyi uzaqlaşdırır. Bu yerdə adamın dilinə belə bir ifadə gəlir: Siz elə bilin.
Fərid Əliyev opera səhnəsindəki ilk çıxışlarından bəri təkcə güclü dramatik tenor səsi ilə deyil, aktyorluq ifası ilə, səhnədəki sevgi, qəhrəmanlıq, faciə – fərq etməz, istənilən münasibəti kino kamerası qarşısında oynayırmış kimi dəqiq ifadə etməyi ilə seçilir. “Qaratoxmaq qadın” operası da istisna olmadı. Fərid Əliyev o axşam daxilən German ola bildi və insanın ona fəlakət gətirən ehtirasın qurbanına necə çevrildiyini qəhrəmanının timsalında göstərə bildi.
...1890-cı il dekabrın 7-də ilk dəfə Peterburqda Mariinski Teatrında oynanılmış “Qaratoxmaq qadın” operası Çaykovski yaradıcılığının zirvəsi sayılır. İllər sonra “Qaratoxmaq qadın”ın yenidən bizim teatra qayıdışı ürəkaçan əməldir. Hətta məşhur teatrların momumental tamaşaları fonunda miniatür sənət nümunəsi təəssüratı yaratsa da...
Gülcahan Mirməmməd