Azərbaycan regional sülh gündəliyinə sadiqdir və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə aparılan Brüssel prosesini yaxından dəstəkləyir.

Prezident İlham Əliyev bu fikri Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə telefon danışığı zamanı vurğulayıb.

Kansler Olaf Şolts oktyabrın 4-də Azərbaycan Prezidentinə zəng edib. Telefon danışığı əsnasında regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Olaf Şolts region ölkələrinin ərazi bütövlüyünə və suverenliyinə Almaniyanın dəstəyini ifadə edib. Vurğulayıb ki, ölkəsi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin rəhbərliyi ilə aparılan Brüssel prosesini dəstəkləyir. Almaniya Kansleri BMT-nin ölkəmizdəki rezident-əlaqələndirici missiyasının Azərbaycanın Xankəndi şəhərinə səfərinin müsbət bir addım olduğunu deyərək bunu yüksək qiymətləndirib.

Prezident mərkəzi hökumət tərəfindən Qarabağın erməni sakinlərinə göstərilən humanitar yardımları qeyd edib, miqrasiya, sosial müdafiə sahələri ilə bağlı yerində erməni sakinlərə xidmətlər göstərildiyini deyib, müvafiq qeydiyyat proseslərinin başladığını və bunun üçün də ayrıca portalın müəyyən edildiyini bildirib.

Dövlətimizin başçısı Azərbaycanın bu sahədə təmin etdiyi şəffaflığın nümayişi olaraq, BMT-nin ölkəmizdəki rezident-əlaqələndirici ofisinin və BMT-nin ixtisaslaşmış təsisatlarının nümayəndələrindən ibarət qrupun əraziyə səfər etdiklərini bildirib, onların da mülki əhaliyə və mülki-ictimai infrastruktura heç bir ziyanın qeydə alınmadığı ilə bağlı müvafiq bəyanatla çıxış etdiklərini diqqətə çatdırıb.

***

Qeyd edək ki, oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan, Ermənistan, Fransa, Almaniya və Avropa İttifaqının iştirakı ilə görüş nəzərdə tutulurdu. Rəsmi Bakı bu formatda Türkiyənin də daxil edilməsində israr etsə də, Avropa tərəfdən buna imkan verilməyib. Belə olan təqdirdə, həmçinin Fransa rəsmilərinin son vaxtlar xüsusilə artan ermənipərəst bəyanatları nəzərə alınaraq, Azərbaycan bu formatda danışıqlarda iştiraka lüzum görməyib.

Qranadada Fransa, Almaniya, Avropa İttifaqı Şurası və Ermənistan rəhbərlərinin iştirakı ilə qeyri-formal görüş keçirilib. Görüşdə Ermənistanın (29 800 kv. km) və Azərbaycanın (86 600 kv. km) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiqlik ifadə edən bəyanat qəbul olunub.

Aİ Şurasının Prezidenti Şarl Mişel isə jurnalistlərə açıqlamasında Azərbaycan və Ermənistan liderlərini oktyabrın sonunda növbəti görüş üçün Brüsselə dəvət etdiyini bildirib.